Ruhi Əliyeva dəhşətli rəqəmləri açıqladı

  • 01.12.2018
  • 0

“Liatris Holdinq”in təsisçisi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvü, sahibkar qadın Ruhi Əliyeva qadınlara qarşı zorakılığın qarşısının alınması məqsədilə daha bir layihəyə imza atıb.

Publika.az xəbər verir ki, dünən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyi və Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına qarşı şiddətə son” şüarı ilə sosial layihənin təqimatı baş tutub. Leyla Quliyevanın aprıcılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri ilə yanaşı, incəsənət xadimləri də iştirak edib. Tədbiri açıq elan edən Leyla Quliyeva bildirib ki, qadın ilk həyata gələn andan sevgi, mərhəmət, qayğı nümayiş etdirir:

“Bu, qadının üzərinə düşən ali missiyadır. Qadın olduğu hər yerə istilik və məhəbbət yayar. Çox təəssüf ki, dünyamızda qadın və şiddət sözünü yana-yana işlədirik. Sözsüz ki, layihənin təbəşşüskarları qadın və şiddət sözlərini yanaşı görmək istəmir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd yetişən gənc nəsli maarifləndirmək, nəinki qadınlara, insan deyilən ali varlığa sevgi hissi aşılamaq, xanımları öz hüquqları ilə tanış etmək və onları qorumaqdır”.

Çıxışlardan əvvəl qadın zorakılığı ilə bağlı Elvin Abdullayevin rejissorluğu və ssenarisi əsasında “Susma” adlı videoçarx nümayiş olunub. Çarxda Hikmət Əliyev, Kərəm Hətəmov, aktrisa Sevinc Əliyeva, Əməkdar artist Firuzə İbadovanın nəvəsi və digər aktyorlar rol alıb.

Daha sonra Ruhi Əliyeva çıxışında qadına qarşı zorakılıq hallarını qınayıb:

“Qadına şiddət haqqında danışmaq mənim üçün çox ağırdır. Hər birimizi qadın dünyaya gətirir, lakin bəzi insanlar ana olan qadınlara əl qaldırmaqdan çəkinmir. Bu dünyada hər üç qadından biri fiziki şiddətə məruz qalır. 5-15 yaş arasında olan 2 milyona yaxın qız uşağı cinsi zorakılığa uğrayır. Çində hər il bir milyona yaxın qız uşağı elə ana bətnindəcə qətlə yetirilir. Afrika və Hindistan kimi ölkələrdə isə vəziyyət daha acınaqcaqlıdır. Bu statistikanı göz yaşları ilə oxumuşam.

Daha bir dəhşətli məqam odur ki, bu gün qadınlar sadəcə əks cinsin zülmünə və çirkin əməllərinə məruz qalmır. Elə ailələr var ki, qadınlar öz həmcinsləri tərəfindən alçaldılır, qayınana gəlini evdən qovur, baldız gəlinə işgəncələr verir, psixoloji təzyiq tətbiq edir. İstərdim ki, belə maarifləndirici layihələr tez-tez keçirilsin və qadın hüquqlarının qorunması ilin sadəcə bir neçə günü deyil, hər zaman aktual olsun. Sözsüz ki, bu problemin yaxın gələcəkdə öz həllini tapmasını istərdim. Buradan həm xanımlara, həm də bəylərə səslənərək onları birləşməyə və bu dəhşətin qarşısını almağa dəvət edirəm. Problemləri şiddətlə həll etmək mümkün deyil.

Ən böyük təcavüzə ailədə uşaqlar məruz qalır. Təəssüf ki, azyaşlı uşaq da təcavüz və şiddətin nə olduğunu bilir. İndiyə kimi qadın qədər ailəsini düşünən bir kişi görməmişəm. Qadın həm ana, həm həyat yoldaşı, həm gəlin, həm bacı, həm də övladır, lazım gələndə öz anasına analıq etməyi bacaran müqəddəs varlıqdır. Çalışmalıyıq ki, mərhəmət hissini övladlarımıza ötürək. Bu, şiddətin qarşısının alınması yolunda atılan ilk addımdır. Hər kəsi bu önəmli mübarizədə fəal olmağa, zorakılığa məruz qalan qadınlara yardım əli uzatmağa səsləyirəm”.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Ramil Kazımov çıxışında qadın zorakılığının qarşısını almaq üçün atılan addımlardan danışıb və bildirib ki, Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür:

"Ölkəmiz beynəlxalq qurumlarla əməkdaşlıq edir. Qadına qarşı zorakılıqla hamı mübarizə aparmalı və şiddətə məruz qalanlara dəstək olmalıdır. Erkən və məcburi nikahlar yolverilməzdir. Bunların qarşısının alınması istiqamətində ölkəmizdə maarifləndirici tədbirlər həyata keçirilir. Sosial aksiya gənclərin bu istiqamətdə məlumatlanmasına öz töhfəsini verəcək".

Sonra jurnalistlər, rəsm və videomüsabiqənin qaliblərinə mükafatlar təqdim olunub. Jurnalistlər arasında keçirilən yazı müsabiqəsinin qalibləri arasında "Teleqraf" Media Qrumunun əməkdaşı Ruslan Xəlil də olub.

Tədbirin qonaqları arasında Xalq artistləri Afaq Bəşirqızı, Gülyanaq və Gülyaz Məmmədova bacıları, Nəzakət Teymurova, Murad Dadaşov, Əməkdar artist Elza Seyidcahan, müğənni Roza Zərgərli, Günay İbrahimli, Lətifə Söyöz, Samirə Əfəndi, Ayaz Qasımov, aktrisa Sevinc Əliyeva, aparıcılar Zaur ilə Günay Baxşəliyeva cütlüyü və başqaları çıxış edib.

Dünya ictimaiyyətinin narahatlığına səbəb olan ən ağrılı problemə qarşı birgə addımların atılması üçün BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabr tarixini Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Təşkilata üzv olan Azərbaycanda da bu beynəlxalq günə, eləcə də bəşəriyyətin daim üzləşdiyi qadın zorakılığına qarşı müxtəlif tədbirlər həyata keçirilir. Sosial aksiyanın məqsədi zorakılığa məruz qalmış qadınlara dəstək göstərmək, xanımlara əzm hissini aşılamaq, psixoloji durumunda müxtəlif pozuntular olan insanları, yəni qadınlara qarşı zorakılıq göstərənləri, eləcə də gələcək nəsli marifləndirməkdir.

Nə düşünürsən?