Qiyamətin əlamətini bildirən hadisə

  • 23.11.2018
  • 0

23 noyabr İtaliyada baş vermiş dəhşətli zəlzələ olaraq tarixə düşüb. 1980-ci ilin bu günündə baş verən həmin zəlzələ nəticəsində 5 min insan həlak olub, 10 mindən artıq insan ağır yaralanıb. 6,5 bal gücündə olan zəlzələnin episentri Ebolidə olsa da, dağıntı və tələfatlar əsasən Naplesdə qeydə alınıb.

 

Zəlzələ — yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Hər il yerdə qeydə alınan zəzlələlərin miqdarı yüz minlərə çatır, ancaq onların cüzi bir hissəsi dağıntıya səbəb olur. Bir sözlə ana təbiət hər an bizimlə "şıltaq zarafat” edə, zəlzələ ocağı püskürə bilər.
AZXEBER.COM Azərbaycanda baş vermiş dağıdıcı zəlzələlərlə bağlı araşdırma aparıb.
427-ci ildə Gəncədə baş verən zəlzələ Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verib. Minlərlə insanın həlak olduğu zəlzələ eyni zamanda Azərbaycan seysmoloji tarixinin başlanğıc dövrü sayılır. 
Azərbaycanda ikinci böyük zəlzələ də Gəncədə qeydə alınıb. 1139-cu ildə baş vermiş 9 ballıq zəlzələ  zamanı Gəncə şəhəri dağılıb, minlərlə insan həlak olub. Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qabağını kəsib və təbii gözəlliyi ilə fərqlənən Göy-Göl gölü yaranıb. 
Ölkəmizdə ən dağıdıcı zəlzələ isə Şamaxıda qeydə alınıb. 80 min insanın ölümünə səbəb olan zəlzələ 1667-ci ildə qeydə alınıb. Zəlzələnin gücünün 6,9 bal gücündə olduğu təxmin edilir. Şəhərin üçdə birini dağıdan zəlzələ tarixə ən fəlakətli zəlzələlərdən biri kimi düşüb. 
Maştağada 700 evin uçmasına səbəb olan birinci Bakı zəlzələsi 1842-ci ildə baş verib. Zəlzələnin gücü 5 ballıq şkalada olsa da, paytaxtda çox güclü hiss olunub. Zəlzələ zamanı ölənlərin və xəsarət alanların olduğu, təssərrüfatlara ciddi ziyan dəydiyi deyilir.
1859-cu ildə Şamaxıda baş verən ikinci zəlzələ nəticəsində qədim şəhər tamamilə dağılmış, minlərlə insan həlak olub. Bu hadisədən sonra Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb və Bakı quberniyası olaraq adlandırılıb. 
1902-ci ildə Şamaxıda üçüncü zəlzələ qeydə alınıb. Şəhərdə yaşayan azsaylı insanlar da Şamaxını tərk edib. Yüzlərlə insanın ölümünə səbəb olan zəlzələdən sonra Şamaxı və ətraf rayonlar ən aktiv seysmoloji rayonlar edlan edilib.
1953-cü ildə isə yeraltı təkanların qurbanı Oğuz rayonu olub. Bu rayonda baş vermiş 7 ballıq zəlzələ bir neçə gün davam edib. Ciddi tələfat qeydə alınmasa da, evlərə, təsərrüfatlara çox ciddi ziyanlar dəyib.
Zaqatalada baş verən böyük yeraltı təkan 2012-ci il may ayının 7-də baş verib. 30-dan artıq insanın yaralandığı zəlzələ Zaqatala rayonundan 17 km cənub-qərbdə episentrdəki gücü 7 bal gücündə hiss olunub. 
2000-ci il noyabr 25-də baş vermiş zəlzələdən 18 il ötür. Zəlzələnin episentri Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi. Dəhşətli təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkib. Rəsmi məlumatlara görə, 30 nəfər tələf olub, yüzlərlə insan yaralanıb. 
Xatırladaq ki, son zəlzələdən sovetlər dövründə paytaxtda inşa edilmiş binalar "üzüağ” çıxıb. Hazırda Bakıda inşa edilən yeni tikili binaların isə "zəlzələ təcrübəsi” yoxdur.

Nə düşünürsən?