Nazirdən açıqlama: "Bu ayın sonunadək min şəhid vərəsəsinə ödəniş ediləcək"

  • 17.11.2018
  • 0

Şəhid ailələrinə birdəfəlik ödənişlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 800-dən çox müraciət daxil olub. 


Oxu.Az xəbər verir ki, bu barədə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında bildirib. 


Onun sözlərinə görə, bu layihə 9500-dən artıq hərbi qulluqçunu əhatə edir:


“Birdəfəlik ödənişlərin edilməsi üçün büdcədə bu il 58 milyon manat, gələn il 50 milyon manat vəsait nəzərdə tutulub. Artıq 224 şəhidin 300 vərəsəsinə köçürmə haqqında müsbət qərar verilib və 100-dən çox vərəsə üzrə ödəniş olunub. Növbəti həftədə 300 vərəsəyə ödənişlə bağlı qərar qəbul ediləcək”.


Nazir bu ayın sonuna qədər ümumilikdə 1000 şəhid vərəsəsinə ödəniş ediləcəyini bəyan edib.


“400-dən artıq məhkəmə qərarı olan işlərlə bağlı da ödənişlər həyata keçiriləcək”.


Nazir son vaxtlar şəhid ailələrinin vərəsələrinin şikayətləri ilə bağlı məsələyə də toxunub:


“117 şikayət ərizəsi üzrə araşdırma aparmışıq. Bu hardasa 70-75 şəhid ailəsini təşkil edir. Bu insanlara ödəniş edildiyi barədə Dövlət Sığorta Şirkətinin məlumatı var. Eyni zamanda, onlara notariuslar tərəfindən vərəsəlik veriblər və reyestrə salınıblar. İndi həmin şəxslər deyirlər ki, biz pul almamışıq. Belədirsə, həmin şəxslərin sənədlərdəki imzaları ilə bağlı məsələyə hüquqi çərçivədə baxılmalıdır”

Nə düşünürsən?