Hacıbala Abutalıbov: "Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa..."

  • 16.10.2018
  • 0

Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesindəki (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə ilə bağlı ilkin rəy açıqlanıb. 


BAKU.WS xəbər verir ki, Baş nazirin müavini Hacıabala Abutalıbov bu barədə modern.az-a məlumat verib.


“Sürüşmə səbəbi sudur”


O qeyd edib ki, ilkin rəydə sürüşməyə səbəb su amili göstərilib: “Su olmayan yerdə sürüşmə olmur. Torpağın altındakı gil su daxil olanda sabun halını alır və üzərindəki torpağı sürüşdürüb aparır. İndi bizim məqsədimiz suyun səviyyəsinin süni surətdə azaldılmasına nail olmaqdan ibarətdir. Quyular qazılaraq nasoslar vasitəsilə çəkiləcək və suyun səviyyəsi aşağı salınacaq”.


Baş nazirin müavini torpaq qatının altına su yığılmasının səbəblərinə də aydınlıq gətirib: “Birincisi, ümumiyyətlə, Badamdar-3 massivində kanalizasiya sistemi yoxdur. İkincisi, bu ərazi 1860-cı ildən bəri sürüşmə zonasıdır və həmişə sürüşüb. 2015-ci ildə bununla bağlı Nazirlər Kabientinin qərarı var. Xüsusi qərara görə, ərazi aktiv sürüşmə zonasına daxildir və orada heç bir tikinti həyata keçirilə bilməz”.



“O torpaqları mən satmışamsa...”


H.Abutalıbov həmin ərazidəki torpaqların onun mer olduğu dövrdə ayrı-ayrı imkanlı adamlara satıldığı iddialarını da cavablandırıb:


“Sizin mülahizələriniz ki var bu yerlər mənim mer olduğum dövrdə satılıb, buna da cavab verirəm. 

Birincisi, o torpaqlar dövlət torpağıdır və satılmır. İkincisi, mən 3 gündür ərazidəyəm. 11 evin hamısının sakinlərilə də görüşərək, xəbərdarlıq etmişəm. Hər birinə demişəm ki, bu evlərin hamısı söküləcək. Və sökülməzdən əvvəl bu sürüşmə davam etdiyi üçün fəlakət tikililəri aparacaq. Əgər o torpaqları sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, “ay Hacıbala müəllim, siz satıbsız axı”. Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb.


İkincisi, evlər sökülsə də, sahiblərinə kompensasiya verilməyəcək. Çünki əhali bilirdi ki, orada ev tikmək olmaz. Bu gün evlərdən birinin böyük divarı sürüşdü. Yəni proses gedir, onsuz da hamısı sürüşəcək. Ona görə də yenə də deyirəm, bu evlərin qalma ehtimalı sıfırdır. Təbii fəlakət baş verib və proses davam etdiyindən evlərin hamısı təbii olaraq sürüşəcək, dağılacaq”.

Nə düşünürsən?