Çempionumuz: "Finalda çox rahat qalib gəldim"

  • 15.10.2018
  • 0

Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) qələbəsini şərh edib.  

Oxu.Az xəbər verir ki, sərbəst güləşçimiz rahat çempion olduğunu qeyd edib: 

“İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi ifadə edə bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və federasiyamıza təşəkkür edirəm”.

Sərbəst güləş üzrə yığmamızın böyük məşqçisi Əsgərxan Novruzov isə güləşçimizin uğuruna əvvəlcədən inandıqlarını söyləyib: 

“İki aya yaxındır Olimpiadaya hazırlaşırdıq. Şükürlər olsun, hazırlığımız öz bəhrəsini verdi. Turanın potensialına inanırdıq. Bu il həm Avropa, həm də dünya çempionu olmuşdu. Ancaq Olimpiadanın ab-havası başqadır. Burada da sözünü dedi. Bu, bizim üçün çox sevindirici haldır. Turanın üzərində əziyyəti keçən bütün məşqçilərə minnətdarlığımı bildirirəm ki, əllərindən gələni əsirgəmədilər və biz də bu nəticəni verdik”.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyası hələlik Olimpiadada ən yüksək nəticə göstərən qurumdur. İki idmançı ilə təmsil olunan federasiya iki medal qazanıb. Turan Bayramovdan əvvəl Şahanə Nəzərova (43 kq) Azərbaycana bürünc medal qazandırıb.

Nə düşünürsən?