Hava ilə bağlı kəskin XƏBƏRDARLIQ

12.10.2018 | 1 175 | 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-dən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək. Oktyabrın 12-si səhər şimal rayonlarından başlayaraq 14-ü gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. Bölgələrdə də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Nə düşünürsən?
Loading...