Tərtər sakini minaya düşdü - Ağır xəsarət aldı

  • 11.10.2018
  • 0

Tərtər rayonunun Həsənqaya kəndinin sakini, Kəlbəcərdən məcburi köçkün düşmüş ailədən olan Azad Həsənov adlı gənc təmas xəttində mina partlayışından ağır xəsarətlər alıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə 1986-cı ildən anadan olmuş A.Həsənov bu gün qoyunların dalınca neytral zonaya daxil olarkən mina partlayışından xəsarət alıb. Onun bir ayağı amputasiya olunub, vəziyyəti ağırdır.
 
Azad Həsənovun 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı 2016-cı ilin aprel döyüşləri ərəfəsində Ermənistan qüvvələrinin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində mərmi partlayışından həlak olmuşdu.

Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov "Qafqazinfo”ya mülki sakinin minaya düşməsi xəbərini təsdiqləyib. Bildirib ki, hazırda xəstəxanadan gəlir, Azadın üzərində cərrahiyyə əməliyyatı aparılıb: "Azad Həsənov qoyunları qadağan olunmuş zonada otararkən heyvanlar minaya düşüblər. Minanın ətrafa yayılan qəlpələri Azadın bədənin müxtəlif hissələrinə xəsarət yetirib. Bir ayağı aşağı hissədən amputasiya edilib. Valideynləri ilə görüşdüm, həkimlərə müvafiq tapşırıqlarımı verdim". 
Tərtər Rayon Mərkəzi Xəstəxanasından virtualaz.org,-a bildiriblər ki, yaralı ağır vəziyyətdə olub, ilkin tibbi yardım göstərilməsi üçün Bərdə rayon xəstəxanasına göndərilib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından isə deyiblər ki, yaralı hazırda əməliyyatdadır, onun sol ayağı kəsilib. "Azad qoyun otarırmış, qoyunlar neytral zonaya keçib. Azad da qoyunları çıxarmağa çalışırkən mina partlayıb. Vəziyyəti çox ağırdır”, -xəstəxanadan qeyd ediblər.

Nə düşünürsən?