Sarı tor qaydalarını pozan sürücülərə cərimə kəsiləcək? - AÇIQLAMA

  • 11.10.2018
  • 0

Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə A.Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində ilk sarı kəsişmə toru nişanlanması təşkil edilib. Əgər sürücü qarşısı boş olmadığı halda sarı qutuya daxil olarsa və tıxac yaranarsa, aqibəti necə olacaq? Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a bildirib ki, sarı kəsişmə torları yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır: “Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar. Yəni, kəsişmənin çıxış hissəsində tıxac varsa, sürücünün sarı kəsişmə toruna daxil olması qadağandır”.


M.Ağayev deyib ki, mövcud qanunvericilikdə də bu məsələ kifayət qədər aydın şəkildə öz əksini tapıb: “Belə ki, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə altmış manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub. Lakin təəssüf ki, Bakı şəhərində sürücülər bu qaydaya əməl etmir ki, bu da günün pik saatlarında yol kəsişmələrinin qapanmasına səbəb olur. Torun çəkilməsi insanların yol hərəkəti qaydalarına daha ciddi riayət etməsinə yardım edəcək və məlumatverici xarakter daşıyır. Bakı Nəqliyyat Agentliyinin bu addımı sürücülərin yol kəsişmələrində hərəkət zamanı daha ehtiyatlı və məsuliyyətli davranmalarına xidmət göstərir”.

Nə düşünürsən?