Səfil həyat tərzi yaşayan ali təhsilli azərbaycanlı

  • 19.09.2018
  • 0

Ukraynanın Mariupol şəhərinin Levoberejnaya rayonunda xiyabanlardan birində Yusif Nağıyev adlı şəxs yaşayır. 

Oxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, səfil həyat tərzi sürən şəxs həyatı ilə bağlı danışarkən göz yaşlarını saxlaya bilməyib. 

Məlum olub ki, o, azərbaycanlıdır. Hazırda 56 yaşı var. Kişi deyir ki, vətənində sovxoz direktoru olub və üç ali təhsili var. 

Onun sözlərinə görə, onun vətənində övladları, ikimərtəbəli evi və torpaq sahəsi var. Ancaq naməlum səbəblərdən (Mixail Qorbaçovu ittiham edir – red.) 1992-ci ildə o, Mariupola işləməyə gəlib.

“Mən hər şey bacarıram. Yaxşı bənnayam”, - Yusif ləhcə ilə danışır.

O bildirib ki, uzun müddət qaldığı evin sahibi vəfat edib. Həmin vaxt o, xəstəxanada idi. Evə qayıtdığında isə qapı bağlı olub. Yusif deyib ki, həmin evdə onun əşyaları və pulları qalıb. Ev sahibinin qızından isə həmin əşyaları götürə bilməyib.

Yusifin səfil həyatı belə başlayıb. Bu qış onun don vurmuş ayağının bir hissəsini amputasiya ediblər.

O deyib ki, sağalması üçün ona 50 min qrivnalıq dərman yazıblar, ancaq bunları almaq üçün pulu yoxdur.

İndi hərəkətsiz qalan kişi bütün günü xiyabanda qalır. Ona yerli sakinlər kömək edir, yemək gətirir.

Kişinin üzündə xəsarətlər var. Burnu sınıb. Dediyinə görə, bir müddət əvvəl yıxılıb. Üzündəki qan izi hələ də görünür. 

Onun sözlərinə görə, spirtli içki qəbul etsə də, özünü sakit aparır və heç kimə ilişmir.

Yusif yaxın vaxtlarda soyuqların başlayacağından və küçədə qalmağın mümkünsüzlüyündən qorxur.

“Tezliklə qar yağacaq. Küçədə 15-20 dərəcə şaxta olacaq. Mən nə etməliyəm?”, - köməksiz şəxs soruşur.

O, bütün ümidləri Qırmızı Xaçda görür. Yusif inanır ki, bu təşkilat onu vətənində ailəsinə qovuşduracaq.


Nə düşünürsən?