Hər gün eyni yerdə, eyni saatda...

  • 08.06.2018
  • 0

Deyişmə səsləri ta küçənin başından eşidilir. Deyəsən yenə kimsə cığallıq edib. Daşlar qarışdırılır, bayaqkından fərqli olaraq bu dəfə ətrafa dəmir stola zərblə vurulan domino səsləri yayılır. 

“Qafqazinfo”nun məlumatına görə, eyni hadisələr hər gün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında yerləşən gözdən əlillər üçün tikilmiş binanın həyətində cərəyan edir. Havalar isinən kimi bina sakinləri həyətdə masa arxasına əyləşərək sevimli oyunlarına başlayırlar. Bu, onların gündəlik məşğuliyyətidir. Hətta öz dilləri ilə desək, yeganə məşğuliyyətləri...

Masa arxasında oturanların əksəriyyəti ya görmür, ya da ki görmə qabiliyyəti çox zəifdir. Hər kəs 7 daşını götürür, əl vasitəsilə kimə hansı daşların düşdüyü yoxlanılır və aha, bu da bir qoşa. Oyun başlayır!

Sadalananda mərhələlər uzun görünsə də, daşların yoxlanılması cəmi bir-iki saniyə çəkir. Eləcə də qarşındakı şəxsin əlindəkiləri təxmin etmək. Maraqlısı budur ki, biz masaya qoyulan daşı hələ görməmiş, onlar oyunun bağlandığını və ya kimin əlində artıq daş qalmadığını söyləyə bilirlər. Hissiyatları gözlərimizdən iti olan bu vətəndaşlarımızın bir narazılığı var. O da günlərini başa vurmaq üçün daminodan başqa bir məşğuliyyətlərinin olmaması...

Nə düşünürsən?