“Neftçi” son mövsümdə: statistik baxış

  • 06.06.2018
  • 0

2017/18 mövsümü "Neftçi” üçün Avropa Liqasına vəsiqə qazanmaq baxımından əlamətdar oldu. 

 

Sportal.az xəbər verir ki, bunun üçün komandaya Topaz Premyer Liqasında 46 xalla 3-cü yeri tutmaq kifayət etdi. Keçirdiyi 28 oyundan 14-də qələbə qazanan "Neftçi” 10 görüşdə məğlub oldu. Cəmi 4 matçda heç-heçə qeydə alındı. Top fərqi də komandanın xeyrinə oldu – 39:28.

 

"Neftçi” "Keşlə”, "Səbail” və "Kəpəz”i 3, "Qəbələ”ni 2, "Qarabağ”, "Zirə” və "Sumqayıt”ı 1 dəfə məğlub etməyi bacardı. "Kəpəz”, "Zirə”, "Qarabağ” və "Sumqayıt”ın hərəsi ilə 1 oyunda xallar yarı bölündü.

 

İqnasio Errera komandanın heyətində həm ən çox oyun keçirən, həm də ən çox qol vuran futbolçu oldu: 28 oyunda 8 qol. Ruslan Abışov 27 qarşılaşmada forma geyinsə də, meydanda olduğu dəqiqələrin sayına görə hamıdan öndədi – 2404 dəqiqə.

 

Qapıçılar Rəşad Əzizli və Səlahət Ağayev Premyer Liqada keçirdikləri oyun qədər qapılarından top buraxıblar. Belə ki, Rəşad qapısında 17 oyunda 17, Səlahət isə 11 görüşdə 11 qol görüb.

 

Cəzalandırılmış futbolçulara gəlincə, Kirilo Petrov hamıdan çox – 8 sarı vərəqə alıb. Ukraynalı müdafiəçi qarşısında 1 dəfə "qırmızı” da görüb. Petrovdan başqa Rəşad Sadiqov, Derlis Meza Kolli və Mirabdulla Abbasov da hərəyə 1 dəfə qırmızı vərəqə ilə cəzalandırılıblar.

 

Bununla belə, sonda bürünc medallara layiq görülən "Neftçi” 4 illik medal həsrətinə son qoydu. Belə ki, komanda sonuncu dəfə 2012/13 mövsümünü medallarla başa vurmuşdu. O vaxt “ağ-qaralar” “qızıl”a sahib çıxmışdılar.

 

"Neftçi” bu mövsüm Azərbaycan kuboku uğrunda mübarizəyə 1/8 finaldan başladı. Bir oyundan ibarət olan bu mərhələdə "Zaqatala”nın qapısından 5 cavabsız top keçirən komanda 1/4 finalda "Zirə” səddini aşdı. Səfərdəki minimal hesablı məğlubiyyətə baxmayaraq, bu kollektiv cavab matçında 2:0 hesablı qələbə ilə yarımfinala adladı. Bu mərhələdə "Qəbələ” ilə səfər oyununda 2:1 hesabı ilə qalib gələn “Neftçi” cavab görüşündəki 1:3 hesablı məğlubiyyətdən sonra iki oyunun nəticəsinə görə mübarizəni dayandırdı.

 

8-ci km stadionunda mövsüm ərzində ən çox azarkeşin izlədiyi oyun "Neftçi” – "Qəbələ” matçıdı. Aprelin 18-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiirlmiş görüşdə 6000 azarkeş olub.

Nə düşünürsən?