İnam Kərimovun yeni təyinatı - keçmiş bankirə yüksək vəzifə verdi

  • 23.05.2018
  • 0

Ekspert: “İnam Kərimova ən çətin sahələrdən biri həvalə olunub”

Kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimov elə vəzifəsinin icrasına başlar-başlamaz bölgələrə üz tutub, fermerlərlə, sahibkarlarla görüşdü.  Yeni nazirin ilk səfəri aprelin 30-da “Aqrolizinq” ASC-yə oldu və o, burada qurumun fəaliyyəti və əməkdaşlarının iş şəraiti ilə tanış oldu. Həmin ərəfədə nazirliyin mətbuat xidməti məlumat yayaraq bildirdi ki, İ.Kərimov daha sonra kənd təsərrüfatı texnikalarını lizinqə götürmək üçün “Aqrolizinq” ASC-yə müraciət edən fermer və sahibkarlarla da görüşərək onlarla ətraflı söhbət aparıb.


İstifadəçiləri diqqətlə dinləyən nazir onların qarşılaşdıqları çətinliklər, aradan qaldırılması istiqamətində təkliflərlə maraqlanıb. Bir neçə fermer kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, o cümlədən qarabaşaq istehsalında istifadə olunan texnikaların, yeni gübrə növlərinin gətirilməsi barədə təkliflərini, həmçinin taxıl biçini zamanı kombaynların istifadəsinə dair istəklərini bildiriblər.


Jurnalistlərə açıqlamasında İnam Kərimov bildirib ki,  “Aqrolizinq” ASC yeni yanaşma prinsipi əsasında fəaliyyət göstərəcək: ““Aqrolizinq”də düzgün idarəçiliyin bütün prinsipləri-şəffaflıq, səmərəlilik tam təmin ediləcək. “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin digər strukturları kimi öz işini fermer və kəndlinin yanında olması prinsipi əsasında quracaq".


Bütün bunların fonunda nazir mayın 20-də Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-yə sədr müavini təyin edib. Onun sədr müavini kimi təyin etdiyi şəxs  Mehman Məmməd oğlu İsmayılovdur. Mehman İsmayılov  bundan əvvəl “Kapital Bank” ASC-nin departament direktoru, hazırda ləğv prosesində olan “Texnika Bank” ASC-nin Audit Komitəsinin sədri, “Bank of Azerbaijan” ASC-nin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Mərkəzi Bankının şöbə müdiri vəzifələrində çalışıb.


Lakin adı mətbuat səhifələrində müxtəlif formalarda hallanan bankların rəhbər vəzifələrində çalışsa da, Mehman İsmayılovla bağlı hansısa mənfi informasiya yayılmayıb. Hətta bank sahəsi üzrə ekspertlər də onu mənfi və ya müsbət fonda dəyərləndirməkdə çətinlik çəkirlər.

Nə düşünürsən?