Qubada itkin düşmüş alpinistlərin cəsədi tapıldı

  • 16.05.2018
  • 0

Quba rayonunda itkin düşmüş alpinistlərin hər üçünün də meyiti tapılıb. 


"Report" FHN-ə istinadən xəbər verir ki, davam edən axtarışlar nəticəsində bu gün saat 19:00-da daha 2 meyit (kişi və qadın) aşkar edilib. 


Əlavə məlumat veriləcək.


*** 18:55


Quba rayonunda itkin düşmüş alpinistlərdən birinin meyiti tapılıb. 


Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, ötən il dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan və indiyədək davam edən axtarışlar nəticəsində mayın 16-da saat 18:00-da axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. 


Hazırda axtarış-təmizləmə işləri davam etdirilir, əlavə məlumat veriləcək.


Qeyd edək ki, 2017-ci il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. 

Nə düşünürsən?