Türkiyənin məşhur telekanalı Gəncə haqda veriliş hazırladı

  • 15.05.2018
  • 0

Türkiyənin məşhur televiziyası Gəncə haqda veriliş hazırlayıb. 

AZXEBER.COM xəbər verir ki, mayın 13-də Türkiyənin "Kanal 7” televiziyasının dünyaca məşhur "Dünyayı geziyorum” və "Dünyanın tadı” verilişlərinin çəkiliş heyəti Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qədim Şərqin elm, sənət və mədəniyyət mərkəzlərindən biri kimi böyük şöhrət qazanmış Nizami yurdundan hazırladıqları geniş reportajın birinci hissəsini yayımlayıb.

"Dünyayı geziyorum” verilişinin aparıcısı Özlem Tunca Gəncənin tarixi abidələrini, muzeylərini gəzib, hər biri haqda tamaşaçıya ətraflı məlumat verib. Heydər Əliyev adına park kompleksi, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya muzeyi, Xan bağı, Gəncə Dövlət Filarmoniyası, İmamzadə dini-memarlıq kompleksi, Şah Abbas məscidi, Cavad xan küçəsi, "Gəncəçay” park-bulvar kompleksi, Aqrar Universitetin Cümhuriyyəti muzeyi, Göygöl və Maralgöldə çəkilişlər aparan Özlem Tunca, eyni zamanda, Atatürkün adını daşıyan prospektdə olub, tamaşaçılara onun barelyefi olan lövhədən söz açıb.

Qeyd edək ki, "Dünyayı geziyorum” verilişinin aparıcısı Özlem Tunca, "Dünyanın tadı” verilişinin aparıcısı isə onun həyat yoldaşı Yasin Esirgençdir. Cütlük övladları, 4 yaşlı Yakupcanla birlikdə dünyanın ayrı–ayrı ölkələrinə səfər edərək, həmin ölkələrin tarixinə, mədəniyyətinə, mətbəxinə dair verilişlər hazırlayırlar.

Nə düşünürsən?