Prezident Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışına qatılıb

  • 14.05.2018
  • 0

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.

Xezerxeber.az-ın məlumatına görə, 117 hektar ərazini əhatə edən limanda 12 yanalma körpüsü var. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir.

Burada əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sistemi və digər İT komponentləri tətbiq olunub, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sistemi qurulub, müasir kameralar quraşdırılıb, sərhəd və gömrük nəzarəti zonalarının ayrılması məqsədilə 1 idxal və 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb. Yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan bütün yüklərin - konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. İnternet üzərindən işləyən bu əməliyyat sistemi yük sahibinə yükün Bakı limanına daxil olması və limandan çıxması barədə dərhal məlumat verir.

Prezident İlham Əliyev komplekslə tanışlıqdan sonra limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı çıxışında Bakı Dəniz Limanının ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacağını bildirib.

Dövlət başçısı qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik.

Prezident İlham Əliyev vurğulayıb ki, böyük nəqliyyat infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini qat-qat artırmış olur. Eyni zamanda, bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir. Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır.

Sonda Prezident İlham Əliyev Bakı Dəniz Limanının kollektivinə uğurlar arzulayıb.

Nə düşünürsən?