Azərbaycanlını öldürən sürücüyə hökm oxunub

  • 14.05.2018
  • 0

Rusiyanın Xabarovsk şəhərində bu ilin yanvar ayında piyada keçidində azərbaycanlını vuraraq öldürən 26 yaşlı taksi sürücüsünə hökm oxunub. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, müttəhim yol qəzasında günahkar olduğunu etiraf edib və hadisənin başverməsini evə tələsdiyinə görə "Toyota Corolla" markalı maşının sürətini artırması və tünd rəngli geyimdə olan 58 yaşlı kişini görməməsi ilə izah edib. Yerli mətbuatın verdiyi məlumata görə, mərhum pauerliftinqçi Andrey Draçyovun öldürülməsi ilə bağlı məşhur cinayət işində adı hallanan Anar Allahverənovun qohumu olub. Yol qəzasının idmançının öldürülməsinin intiqamı olması versiyası təsdiqini tapmayıb. Ancaq "Toyota Corolla"nın sürücüsünün bəzi dəlilləri saxtalaşdırdığı müəyyən edilib. Sürücü cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Mərhumun qohumları isə mənəvi və maddi zərərə görə kompensasiya tələb etməyi planlaşdırırlar. Bu məbləğə dini mərasim xidmətlərinə çəkilən xərclər də daxildir. Belə ki, mərhum dəfn edilməsi üçün vətəninə - Azərbaycana göndərilib.

Nə düşünürsən?