Ağacları özü kəsdi, günahı dovşanların üzərinə atdı

  • 10.05.2018
  • 0

Bakıda 27 ağac bir gündə kəsilərək yararsız hala salınıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib. Köhnə zavodlardan birinin həyətində məskunlaşan məcburi köçkün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib ki, onlarla bir həyətdə qalan şəxs xeyli sayda ağacları kəsib.

Dərhal Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları əraziyə gələrək baxış keçiriblər. Müəyyən olub ki, Ağdamdan olan məcburi köçkün Elbrus İsmayılov 27 ədəd müxtəlif cinsli ağacları kəsib. Ərazidə çəkiliş apardığımız zaman Elburus İsmayılov da gəldi. O, əvvəlcə çəkiliş aparmağımıza mane olmaq istədi. Buna rəğmən Elbrus İsmayılovdan sağlam ağacları niyə kəsməsinin səbəbini soruşduq.

Elbrus İsmayılov ağacları kəsdikdən sonra izi itirmək məqsədi ilə yerdə qalan kötük hissəsinə qır töküb. O, daha sonra ağacları kəsmədiyini, nə qədər gülməli səslənsə də, onların həyətdə olan dovşanlar tarəfindən bu vəziyyətə salındığını dedi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirdi ki, Elbrus İsmayılov ağacları qanunsuz olaraq kəsib. O ki qaldı onun ağacı “özüm almışam istədiyim vaxt kəsə bilərəm” deməsinə, İradə İbrahimova deyib ki, belə bir qayda yoxdur.

Elə buna görə də Elbrus İsmayılov Nazirliyin əməkdaşları tərəfindən 12 min 450 manat məbləğində cərimə edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Nə düşünürsən?