Üşütmə, əsəb, gərginlik... depressiya?!

  • 22.03.2018
  • 0

Üşütmə, əsəbilik, gərginlik... Bəli, yaz gəlirsə, insanların çoxu bu kimi halları yaşamağa başlayır. Mütəxəssislər bildirirlər ki, ümumiyyətlə payız və yaz aylarında insanların əksəriyyəti özünə qapanır. Əsasən nevroz, xroniki yorğunluğa meyilli olanlarda ruh düşkünlüyü özünü daha çox büruzə verir. Yaz və payız depressiyaları bir-birindən əlamətlərinə görə fərqlənir. Əgər əhval-ruhiyyəniz kəskin şəkildə dəyişirsə və bu hal 2 həftədən artıq davam edirsə, deməli, bu, depressiyanın əlamətləridir. Payızda insanlarda yorulma, halsızlıq, bədbinlik və həvəssizlik, yazda isə aqressivlik, əsəbilik müşahidə olunur. Amma nəzərə alın ki, depressiya xəstəlik deyil, psixoloji qərarsızlıq halıdır. Bəs depressiya, xüsusilə də yaz depressiyası nədən yaranır? Mütəxəssislər bunu orqanizmdəki proseslərlə, əsasən də hormon dəyişikliyi ilə əlaqələndirirlər. Deyirlər ki, yazda depressiyaya daha tez düşmək mümkündür. Ona görə əbəs yerə buna “bahar sindromu” deyilmir. Depressiya nəticəsində insanın fizioloji problemləri üzə çıxır və sinir gərginliyi yaranır. Bu da birbaşa psixoloji vəziyyətə təsir göstərir. Yazın gəlişi yalnız depressiya gətirmir, həmçinin bir sıra xəstəlikləri də canlandırır. Havalar istiləşdikcə qan durulur, bu da qan təzyiqinin artmasına səbəb olur, bütün orqanlar oyanır, payız və qış dönəmində gizli qalmış problemlər üzə çıxır. Bəs insanlar özlərini depressiyadan çıxara bilərlərmi? Araşdırmalar göstərir ki, bu, depressiyanın ağırlıq dərəcəsindən asılıdır. Belə insanlara bəzən meteohəssas insanlar da deyilir. Onlar təbiətdə baş verən dəyişikliyi orqanizmlərində hiss edirlər. Ona görə də mütəxəssislər məsləhət görürlər ki, depressiyadan əziyyət çəkənlər açıq havada gəzsinlər. Həmçinin gündə 2-3 litr su qəbul etməklə də yaz yorğunluğundan qorunmaq və immun sistemini gücləndirmək mümkündür.

Nə düşünürsən?