Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə baş verən Bayıl yamacından köçürülmüş sakinlərlə görüş keçirib. APA TV-nin məlumatına görə, icra başçısı bildirib ki, fövqəladə hal nəticəsində zərər çəkmiş insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Sözügedən ərazidən müvəqqəti köçürülənlərin əksəriyyətinin müvafiq sənədi olmasa da, onların bir qismi təhlükəsizlik tam təmin olunduqdan sonra evlərinə geri dönəcək. Sürüşmə nəticəsində evləri tamamilə dağılmış vətəndaşlara isə kompensasiyalar veriləcək: “Kirayə haqqı verilib. Təhlükəli zonada yaşayanlar isə köçürüləcək və onlara kompensasiya veriləcək. Elə adamlar var ki, köçmək istəmir. Bu məsələyə baxılır. Kirayə haqqı ailənin tərkibinə görə verilir”. Eldar Əzizov bildirib ki, araşdırma aparılır. Yamacdakı evlərlə bağlı yekun qərar mütəxəssislərin rəyindən sonra veriləcək: “İndi tələb edirlər ki, işıq, qaz verilsin. Əgər bu proses dayanmayıbsa, sabah daha ağır vəziyyətə düşə bilərik. Hər halda, müvafiq təşkilatlara müraciət etmişik. Birinci və axırıncı söz alimlərindir”. Kompensasiyaların məbləği hələ ki, müəyyən olunmayıb. Bildirib ki, məsələ yaxın günlərdə həllini tapacaq. Zərərçəkmiş vətəndaşların bir qismi evlərinə dönsə də, kommunal problemlərlə bağlı problemlər hələ də mövcuddur. Görüşdə icra başçısı tərəfindən bu kimi problemlərin aradan qaldırılması üçün də tapşırıq verilib, həmçinin sakinlərə bayram sovqatı paylanılıb.