Bu yataqxanaya kimin cavabdeh olduğu bəlli deyil

  • 09.03.2018
  • 0

Elnarə Alməmmədova Ağdam rayonunun məcburi köçkünüdür. 2000-ci ildən Azərbaycan Dillər Universitetinin Binəqədi rayonu Ceyhun Hacıbəyli küçəsi-150 ünvanında yerləşən 1 nömrəli yataqxanasında məskunlaşıb. 20 ildir ki, bu 4 kvadrat metr ərazidə oğlu ilə bərabər yaşayır. Təbii, əgər buna yaşamaq demək olarsa: "1 metr 20 santimetr enidir, 1.60 da uzunudur. Sovetin vaxtında saxlanc yeri olub bura". Elnarə xanım deyir ki, məskunlaşdıqları binada barmaqla sayılası qədər adamın həqiqətən də evə ehtiyacı var. Əksəriyyətinin evi olduğu halda, yenə də ev gözləyirlər: "Hamının evi var. Amma oturub hökumətdən ev gözləyirlər. Qurunun oduna yaş da yanır. Bəs biz nə vaxt köçəcəyik? Hesablasan, 5-10 nəfərin həqiqətən də ehtiyacı var, qalan hamısının 50 yerdə evi var. Əksəriyyəti heç qaçqın da deyil. Təkik. Uşağımdır, özüməm. "Qarşok"la qazan bir yerdədir..." Oğlunun 17 yaşı var. Elnarə xanım deyir ki, oxutmağa imkanı və şəraiti olmadığından uşağı 9-cu sinifdən çıxarıb: "Bir metr yerdə mən bu uşağı əsgər böyüdürəm. Nevroloji xəstə uşaqdır. Uşaq dostlarından utanır, psixologiyasına təsir edir. 9-cu sinifdən çıxıb. Deyir, mama harda oxuyum, harda yazım?" Azərbaycan Dillər Universitetinin 1 nömrəli yataqxanası 1967-ci ilin tikilisidir. 1993-cü ildən məcburi köçkünlərin balansına verilib. Burada Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və Xocalı rayonlarından olan məcburi köçkünlər yaşayırlar. Qeydiyyata 1200-dən çox adam alınsa da, hazırda binada 360 nəfərə yaxın adam məskunlaşıb. Sakinlər bildirirlər ki, neçə illərdir bir otaqlı, şəraitsiz evdə bütün ailə üzvləri ilə bərabər yaşamaqdan təngə gəliblər. Hətta vəziyyət o dərəcədədir ki, çoxuşaqlı ailələrdə valideynlər övladlarını evləndirməyə əlac tapmırlar. 1993-cü ildən burada məskunlaşmış Yaşar Əliyev də onlardan biridir: "Burada 3 nəfər yaşayırıq. Yoldaşım da astma xəstəsidir, oğlum da. Bax, görürsüz, paltarımız harda yığılıb. Belə darısqal yerdə neçə ildir, yaşayırıq. Oğlumun 30 yaşı var, şəraitsizlikdən onu evləndirə bilmirəm. Bax, gördüyünüz kimi belə yaşayırıq". Binanın acınacaqlı vəziyyətdə olmağı hər halından bəllidir. Üstəlik, burada yaşayan heç kimin həyatı təhlükədən də sığortalanmayıb. Çünki yataqxana Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı bina kimi qeydə alınıb. Sakinlər əlacsızlıqdan balkonların çoxunda hamam, mətbəx qurub, kanalizasiya sistemi quraşdırıblar. Qeyri-qanuni yollarla su, işıq naqilləri çəkdiriblər. Yataqxananın balansına verilən ərazinin bir hissəsində isə qanunsuz tikililər mövcuddur. Binanın qaz sayğacı da məhz həmin qanunsuz tikililərin birinin içində bağlı vəziyyətdədir. Bir sözlə, necə deyərlər, yataqxana sakinlərinin həyatı bir kibrit çöpündən asılıdır. Yataqxananın komendantı Bayram Hacıyev bildirir ki, dəfələrlə qeyd olunan problemlərlə bağlı aidiyyəti qurumlara müraciətlər edilsə də, məsələ ilə bağlı heç bir tədbir görülmür: "Binəqədi Rayon İcra Hakimiyyətinə də müraciət olunub, "Azərişığ"a da müraciət olunub, qaz idarəsinə də müraciət olunub. "Azərsu"ya da müraciət olunub. Binəqədi rayonunun sektor müdiri heç bilmir ki, bu bina hansı adresdə yerləşir. Bütün orqanlara, dövlət rəhbərlərinə də müraciət etmişəm. Belə olmaz axı, binada hər an qəza baş verə bilər. İnsanların həyatına təhlükə yarana bilər. Mən də heç kimin həyatının təhlükəsizliyini boynuma götürə bilmərəm". Məsələ ilə bağlı işlərlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu sektorunun müdiri Abuş Məmmədovun fikirlərini öyrənməyə çalışsaq da, onunla əlaqə yarada bilmədik. Ümid edək ki, qısa zamanda problemin həlli yolu tapılacaq.

Nə düşünürsən?