Sosial reklamların cəmiyyətə təsiri

  • 21.02.2018
  • 0

Bu tip sosial reklamlar Azərbaycanda demək olar ki, barmaqla sayılacaq qədərdir. Buda çox az sayda nazirlik və dövlət qurumlarına məxsusdur. Ölkəmizdəki iri ticarət mərkəzləri, nəqliyyat vasitələrində yerləşdirilən reklamlar əsasən kommersiya xarakterlidir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda sosial reklamlar azdır. Mütəxəssislər deyirlər ki, reklam bazarında rəqabət mühiti olmadığından reklam çarxını sifariş edən və maliyyələşdirən şəxslər azdır. Bəs sosial reklamların cəmiyyətdə rolu nədən ibarətdir? Sosioloqlar deyirlər ki, bugünki sosial reklamlara biganə yanaşmaq kənardan kiçik problem kimi görünsə də, əslində cəmiyyət üçün bunun fəsadları böyükdür. Ona görə ki, maarifləndirmənin olmaması nəticəsində insanlar ekstrimal vəziyyətə düşəndə vəziyyətdən çıxış yolu tapa bilmirlər. Halbuki, sosial reklamların təbliğ edilməsi nəticəsində sağlam cəmiyyət qurmaq mümkündür. Qısası, demək olar ki, bütün ölkələrdə insanları pis vərdişlərdən çəkindirməyin və onları maarifləndirməyin yolu sosial reklamlardan keçir. Sosioloqlar deyirlər ki, təəssüf ki, gəlirli olmadığından bu sahəyə maraq göstərən yoxdur. Sosial reklamlarla bağlı qanunvericilikdə kifayət qədər mükəmməl qaydalar mövcuddur. Qanunda götərilir ki, reklamların ümumi həcminin 8 faizi sosial reklamlara ayrılmalıdır. Amma təəssüf ki, buna 1 faiz də əməl olunmur. Reklam mütəxəssislərinin sözlərinə görə, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğu üçün sosial reklamların çəkilməsi olduqca vacibdir. Bu məsələnin məsuliyyəti əsasən icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin üzərinə düşür. Amma təəssüf ki, icra edilmir. Mütəxəssislər onu da bildirdilər ki, Azərbaycanda reklam devizi və ideya acınacaqlı vəziyyətdədir. Ona görə də sosial reklamlar emosiya yaratmır. İdeyası təsirli olan çarxlar isə xarici reklamlardan götürülüb. Ölkəmizdən fərqli olaraq xaricdə sosial reklam daha çox inkişaf edib. Amerikada hər il sosial reklamlara 800 milyon dollardan artıq pul ayrılır. Orada narkotik maddələr əleyhinə aparılan reklam nəticəsində narkomanların sayı 20 faiz azalıb. Azərbaycanda reklam sahəsində mövcud problemləri aradan qaldırmaq üçün Dövlət Reklam Agentliyi yaradılıb. Bundan sonra bu sahəyə nəzarət olunacağı və ölkəmizdə sosial reklamların çəkilməsinin təmin ediləcəyi gözlənilir.

Nə düşünürsən?