Paytaxtda açıq şəkildə narkotik maddə satılan apteklər var - SOS

  • 15.02.2018
  • 0

Bakının bir çox apteklərində qanunsuz narkotik həblər satılır. Bununla bağlı uzun müddətdir müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə məlumatlar yayılır. Tərkibində narkotik maddələr olan preparatların qanunsuz satışını həyata keçirən apteklər barədə yayılan məlumatlar nə dərəcədə həqiqətə uyğundur? Məsələni araşdırmaq məqsədilə üz tutduq paytaxtın mərkəzi apteklərinə. Gündüz saatları olduğundan, baş çəkdiyimiz apteklərin nə qarşısında, nə də içərisində alıcı sıxlığı ilə qarşılaşmadıq. Əczaçılıq müəssisələrinin əksəriyyətində "Travmadol" adlı preparatın satışı ilə maraqlandıq. Çəkilişə icazə verilmədiyindən, suallarımızı şifahi cavablandıran satıcılar bildirdilər ki, artıq on gündür sözügedən preparatın satışı dayandırılıb. Əczaçılar bizimlə söhbət zamanı tərkibində narkotik maddələr olan preparatların həkim təyinatı olmadan, özbaşına və başqasının tövsiyəsi ilə qəbulunun acı nəticələrə gətirib çıxaracağını da dedilər. Dərmanlardan uzunmüddətli istifadə insanda asılılıq, bəzən isə ömür boyu istifadə zərurəti yaratmasına baxmayaraq, bəzi müəssisələrdə açıq satışda olması faktını da gizlətmədilər. Təxminən iki saat ərzində müxtəlif apteklərin qarşısında növbə çəkdik. Axşam saat 19.00 radələrində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin açıq satışda olduğu ünvanı tapdıq. Bu cür apteklərdən biri Nərimanov rayonu, Həsən Əliyev 82-B ünvanında yerləşir. Ətrafdakı taksi sürücülərindən və gənclərdən öyrəndik ki, iki gün öncə gecə saatlarında sözügedən ünvana müraciət edənlərin sayında kəskin artım müşahidə olunub. Məhəllə sakinlərindən onu da öyrəndik ki, burada satılan "Tramadol" həbləri ABŞ və İran istehsalı olub. "Bakının mərkəzi ünvanlarından biri Həsən Əliyev 82-b ünvanındayıq. Sakinlərdən öyrəndik ki, bir neçə gündür gənclər arasında ən çox istifadəsi olunan "Tramadol" həbləri burada satılırmış. Hazırda aptek bağlıdır, polis nəzarəti altındadır". Təxminən 20 dəqiqə gözlədik. Satıcı müəssisə rəhbərliyini məlumatlandırdıqdan sonra qapılar açıldı və biz içəri daxil olduq. "Gördüyünüz bu lövhələrdə azyaşlılara heç bir preparatın satılmadığı və açıq satışda "Psixotrop preparatların satışı qadağandır!" yazılsa da, bu ünvanda bir neçə gündür narkotik tərkibli psixotrop dərmanlar satılır. Çəkilişə icazə verilməsinə baxmayaraq, məsələyə münasibət bildirən olmadı". Müsahibədən imtina edən əczaçı dərmanların tərkibi ilə bağlı şifahi də olsa, bizi məlumatlandırdı. Onun sözlərinə görə, "Tramadol" və ya "Tramal" güclü ağrıkəsicidir. Bu həb narkotik vasitə hesab olunur və uyuşdurucu təsiri var. İstifadə zamanı süstlük yaradır, istifadəçidə reallıq hiss itir, hərəkətlərində keyimə müşahidə edilir, hadisələrə reaksiyası itir. Məsələyə münasibət öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, Azərbaycanda narkotik tərkibli psixotrop və sedativ preparatların satışına nəzarəti Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyası həyata keçirir. Mərkəzdən isə APA TV-yə dərman satışı qaydaları barədə məlumat verməklə kifayətləndilər, konkret fakta münasibət bildirmək istəmədilər. Belə... Biz gördüklərimizi və duyduqlarımızı sizinlə bölüşdük. İnanırıq ki, məsələyə məsul qurumlar baş verənlərdən nəticə çıxaracaq.

Nə düşünürsən?