Alıcı azalır, amma qiymət dəyişmir...

  • 14.02.2018
  • 0

Daşınmaz əmlak bazarında bu gün durğunluq hökm sürür. Statistika göstərir ki, alıcılıq qabiliyyəti əvvəlki aylarla müqayisədə xeyli aşağı düşüb. Bəs alıcılıq qabiliyyətinin aşağı düşməsi qiymətlərə təsir göstərirmi? Ekspertlər deyirlər ki, yalnız köhnə tikililər və həyət evlərinin qiyməti düşüb. Lakin paytaxtdakı yeni tikililərdə qiymətlər sabit qalıb. Hətta tikintisi ötən il yarımçıq olan, lakin ilin sonuna doğru yekunlaşan binalarda qiymətlər artıb. Qısası, yeni tikilən binaların alıcıları azalsa da, bu, qiymətlərə təsir göstərmir. Ekspertlərin açıqlamasına görə, bunun səbəbi bazarda qiymətləri sahibkarların tənzimləməsidir. Yəni, onlar bəzən iqtisadi nəzəriyyəni nəzərə almadıqlarından dövriyyə onlar üçün o qədər də vacib rol oynamır. Təzə tikililərin bazardakı payı artır. Belə olan təqdirdə alıcıların əksəriyyəti 1-2 otaqlı mənzillərə deyil, 3 otaqlı mənzillərə üstünlük verirlər. İqtisadçılar isə deyirlər ki, yaz aylarında əmlak bazarında aktivlik müşahidə olunacaq. Çünki 2018-ci ildə ilk dəfə Mənzil İnşaatı Dövlət Agentliyi yeni mənzillər təklif edəcək. Bu təklif qiymətlərə müəyyən qədər təsir göstərəcək. Ekspertlər onu da əlavə etdilər ki, son vaxtlar yeni tikilən binalarda qiymətlərin aşağı düşməsi ilə bağlı aldadıcı kampaniyalar keçirilir. Hansı ki, bu kampaniyalar həqiqəti əks etdirmir. Ona görə də mütəxəssislər vətəndaşları diqqətli olmağa, ucuz kampaniyalara aldanmamağa çağırırlar.

Nə düşünürsən?