Mikayıl Cabbarovdan etiraf: "Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib"

  • 13.02.2018
  • 0

"Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib". APA TV-nin xəbərinə görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib. O, Vergilər Nazirliyinin fəaliyyətindəki mənfi məqamlardan danışıb: "Bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir". Mikayıl Cabbarov bildirib ki, vergi orqanlarında korrupsiyanın kökünün tam kəsilməsi üçün bütün resursları səfərbər ediləcək. Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçü götürülməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb. Nazir onu da deyib ki, Vergilər Nazirliyi yoxlamaların sayını azaldacaq. Çünki vergi yoxlamalarının kəmiyyəti deyil, keyfiyyəti artırılmalıdır: "Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozanlara qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq, hər kəs vergi qanunlarına əməl etməlidir". Mikayıl Cabbarov deyib ki, Vergilər Nazirliyi vergi ödəyicilərinə xidmətlərin sayını artıracaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlıq fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə, bu işlərdə dəstək olmaqdır: "Düşünürəm ki, bu, əsasən kiçik və orta biznes üçün xüsusilə vacibdir. Çünki böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirir. Lakin lazım olduğu halda kiçik vergi ödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq". Nazir Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlandığını da bildirib.

Nə düşünürsən?