Rusiyada azərbaycanlı ailəsində dəhşət: qadın evə od vurdu - 4 NƏFƏR ÖLDÜ

  • 13.02.2018
  • 0

Rusiyanın Orenburq şəhərində azərbaycanlı ailəsində baş vermiş yanğın nəticəsində ölənlər olub. APA TV-nin Rusiya bürosunun əldə etdiyi məlumata görə, yanğın fevralın 12-də, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, 9-cu mərtəbədə yerləşən mənzildə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır. İlkin istintaqın versiyasına görə, yanğın söndürüldükdən sonra biri 47 yaşlı olmaqla iki kişi meyiti aşkar edilib. Şəhər xəstəxanasına yanıq xəsarətləri alan 7 nəfər aparılıb. Onlardan 3 nəfəri azyaşlı uşaq olub. Xəstəxanaya aparılan zaman 3 yaşlı Leyla və 6 yaşlı oğlan uşağı təcili tibbi yardım maşınında keçinib. Yanğın nəticəsində xəsarət alan 62, 47 və iki nəfər 20 yaşlarında olan qadınlar və 8 yaşlı qız uşağının vəziyyəti ağır olaraq qalır. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Orenburqdakı Azərbaycan icmasından APA TV-nin Rusiya bürosuna verilən məlumata görə, yanğın zamanı evdə iki ailənin olduğu bildirilib. İlkin ehtimallara görə, yanğını Namiq Quliyevin ikinci həyat yoldaşı törədib. Ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı N.Quliyevin ikinci həyat yoldaşı evə benzin tökərək yandırıb. Nəticədə N.Quliyev, onun iki azyaşlı övladı (3 yaşlı qız və 6 yaşlı oğlan) və şəxsiyyəti hələlik müəyyən olunmayan bir kişi ölüb, 5 nəfər isə yaralanıb. Yanğını törətdiyi ehtimal olunan qadın isə hazırda xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Nə düşünürsən?