Güləşçimiz erməni ilə görüşdə 0:7-dən geridönüş etdi

  • 19.06.2021
  • 0

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Fəraim Mustafayev estoniyalı idmançını vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiyadan olan güləşçini də tam üstünlüklə yolundan kənarlaşdıran Mustafayev finala vəsiqə qazanıb. Fəraim həlledici görüşdə Türkiyədən olan rəqibinə də aşkar fərqlə qalib gələrək Avropa çempionu olub! Xatırladaq ki, güləşçimiz iki il əvvəl U-15 Avropa çempionatında da qızıl medal qazanmışdı. 

Fərid Baxışlı debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Yeniyetmə pəhləvanımız Almaniya təmsilçisinə də eyni aqibəti yaşadıb. Rusiya təmsilçisiylə gərgin keçən mübarizədə də sevinən tərəf olan Baxışlı adını yarımfinala yazdırıb. Bu mərhələdə Belarus güləşçisindən də güclü olan Fərid finala adlayıb. Həlledici görüşdə Ermənistan idmançısıyla üz-üzə gələn həmyerlimiz böyük fərqlə hesabda geridə olsa da, möhtəşəm geridönüş edərək sonuncu xal prinsipinə əsasən Avropa çempionu olub! 

Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb. Həmyerlimiz daha sonra erməni rəqibini "tuşe" ilə xalçadan məyus yola salıb. Ancaq Ukrayna təmsilçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Kənan iyunun 19-da təsəlliverici görüşə çıxıb və yunan həmkarına "tuşe"ylə qalib gəlib. Estoniya təmsilçisinə də heç bir şans tanımayan Abdullazadə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Cocu Səmədov 1/8 finalda belaruslu rəqibinə uduzub.

Nə düşünürsən?