FHN müharibədən zərər çəkənlərə psixoloji yardım göstərir

  • 06.05.2021
  • 0

44 günlük Vətən Müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər və müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlara dövlət qayğısı davam edir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hər zaman ölkə başçısının qayğısı ilə əhatə olunan bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanılır.

Bu çərçivədə Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə Vətən Müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Belə ki, ötən müddət ərzində ümumilikdə 1700 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 140-a yaxın uşaq və yeniyetməyə 3600-dən artıq seans psixoloji yardım göstərilib. 

Hazırda psixoloji yardım işi Bakı şəhəri və şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində davam etdirilir. Bundan əvvəl Gəncə, Bərdə və Lənkəran şəhərlərində də FHN tərəfindən psixoloji yardım xidməti həyata keçirilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

Nə düşünürsən?