Xankəndidə parad keçiriləcək: necə və kiminlə?

  • 20.04.2021
  • 0

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin 9 May - Qələbə Günü münasibətilə Xankəndidə təntənəli yürüş keçirmək istəyində qeyri-adi bir şey yoxdur. Əksinə, biz bu tədbirdən öz maraqlarımız çərçivəsində istifadə edə bilərik.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya sülhməramlılarının 9 May - Qələbə Günü münasibətilə Xankəndidə təntənəli yürüş keçirmə istəyini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Rusiya sülhməramlılarının bu təntənəli yürüşünə azərbaycanlı rəsmilər və hərbçilər də qatılmalıdır:

“9 May - Qələbə Günü bizim üçün də çox əhəmiyyətli bir bayramdır. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycanın bu müharibədə 300 min vətəndaşı həlak olub.

Hesab edirəm ki, bu təntənəli yürüşə Müzəffər Ordumuzun əsgərləri də qatılmalıdır. Çünki Azərbaycan ərazisində keçirilən hərbi yürüşə mütləq Ordumuz nəzarət etməlidir. Digər tərəfdən, Türkiyə Qarabağda Birgə Monitorinq Mərkəzində Moskva ilə birlikdə işləyir. Bu mənada Türkiyə də bu tədbirdə iştirak etməlidir.

Tədbirdə hansısa “tanınmayan” qurumun “rəsmilərinin” iştirak etməsi, bizim üçün heç bir məna kəsb etməyən parçanın dalğalanması kimi mümkün hallar isə yolverilməzdir. Bununla bağlı narahatlığımızı öncədən Moskvanın diqqətinə çatdırmalıyıq. Erməni tərəfi bu tədbirdə təxribat törətmək üçün əlindən gələni edəcək. Ona görə də bu kimi halların qarşısı indidən alınmalıdır”.

Nə düşünürsən?