Tənhalıq nazirliyi yaradıldı

  • 18.01.2018
  • 0

İngiltərə nazirlər kabineti tənhalıq məsələsi ilə məşğul olan nazirliyin yaradıldığını açıqlayıb. Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ideya ilk dəfə 2016-cı ildə radikal sağ qolun tərəfdarı olan şəxs tərəfindən öldürülən Sosialist Partiyasının millət vəkili Co Koks tərəfindən ortaya atılmışdı. Baş nazir Tereza Mey məsələ ilə bağlı açıqlama verərək "Co Koks ölkədəki yalnızlığın hansı səviyyədə olduğunu dərk etmişdi və bu problemdən əziyyət çəkənlərə kömək etmək istəyirdi. Yeni nazirlik Koksun ideyasına sahib çıxacaq və bu məsələdə qeyri-hökümət təşkilatları ilə birgə çalışacaq" fikirlərini deyib. Yeni nazirlikdə nazir vəzifəsini Mühafizəkarlar Partiyasından Treysi Krauç icra edəcək. Layihə ilə bağlı danışan Krauç yalnızlıqdan əziyyət çəkən insanlar üçün bacardığını edəcəyini bildirib. Milli Statistika Ofisi yalnızlığın miqyasını müəyyənləşdirmək üçün yeni metodun yaradılacağını açıqlayıb. İngiltərədə 9 milyon şəxsin tənhalıqdan əziyyət çəkdiyi təxmin edilir. Yaşı 75-dən yuxarı insanların yarısı, yəni 2 milyon nəfər tək yaşayır. Bu vəziyyət, gündə 15 ədəd siqaret çəkmək qədər təhlükəlidir. İngiltərə Milli Səhiyyə Təşkilatından professor Ceyn Kamminqs soyuq hava və yalnızlığın qış aylarında öldürücü təsirə sahib ola biləcəyini deyir.

Nə düşünürsən?