Mədəniyyətimizin nümunələri Vikipediya vasitəsilə təbliğ olunur

  • 30.10.2020
  • 0

“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Azərbaycan mədəniyyətinin Vikipediyada təbliğinin təşkil edilməsi" layihəsini uğurla başa vurmuşdur. İctimai birlikdən verilən məlumata görə, layihə çərçivəsində muzey müəssisələrindəki ensiklopedik əhəmiyyətə malik eksponatların, rəsmlərin, fotoşəkillərin, sənədlərin və nəşrlərin surətlərindən ibarət 100 ədəd tarixi əhəmiyyət kəsb edən fotoşəkil Vikipediyanın ümumi fayl anbarı olan Vikianbara yüklənmiş və onların çox hissəsi bir sıra dillərdəki Vikipediya məqalələrində yerləşdirilmişdir. Həmin fotoşəkillər Azərbaycanın mədəniyyət və incəsənət tarixində iz buraxmış şəxslərə və hadisələrə həsr olunmuş və Bakı şəhərində fəaliyyət göstərən muzeylərdən əldə edilmişdir. Bundan əlavə, layihənin davamlılığını təmin etmək üçün Bakı şəhərində fəaliyyət göstərən muzeylərin 15 əməkdaşına 2 günlük Vikipediya təlimləri keçirilmiş, onlara Vikipediya və Vikianbar haqda məlumat verilmiş, həmçinin, Vikipediyada hesab yaratmaq, Vikianbara fayl yükləmək və həmin faylları məqalələrdə istifadə etmək qaydaları öyrədilmiş, təlim zamanı iştirakçılar özləri üçün Vikipediya hesabı yaradaraq Vikianbara fayllar yükləmiş və həmin faylları müvafiq məqalələrə yerləşdirmişlər. Həmçinin, Vikianbara yüklənmiş şəkillərdən bəziləri layihə çərçivəsində ictimai birlik tərəfindən çap olunmuş stolüstü təqvimlərdə istifadə edilmişdir. Həmin təqvimlər xatirə olaraq layihəyə cəlb olunmuş muzeylərə və digər mədəniyyət müəssisələrinə paylanmışdır. İctimai birliyin sədri Elgün Atalıyevin verdiyi məlumata görə, qeyd edilən layihənin əsas məqsədi Azərbaycanın mədəni irsinin və incəsənətinin təbliğində Vikipediyanın potensialından istifadə etməkdir.

Nə düşünürsən?