Baş direktor açıqladı - Bu pul nişanları yenilənir

  • 23.10.2020
  • 129 baxış
  • 0

Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilmişdir. Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır. Hazırda Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənmişdir. Bunu "XəzərXəbər”in xüsusi buraxılışında Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev bildirib. Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanlarının 01 yanvar 2021-ci il tarixdən tədavülə buraxılmasını elan edir. Hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir. Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcəkdir. Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarında ən son mühafizə elementləri olaraq RollingStar Lead holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi "Spark Live” elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunmuşdur. Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev yeni xatirə pul nişanlarınında tədavülə buraxılacağını bildirib. Baş direktor "Qarabağ Azərbaycandır!" şüarı altında yenilənmiş pul nişanının hazırlanmağı ilə bağlı hökumətə təklif verdiklərini bildirib. Pul nişanının üzərində Şuşanın fotosu həkk olunacaq.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?