Baza prinsiplərinin bəzi detalları açıqlandı

  • 20.10.2020
  • 0

“Digər rayonlar kimi Laçın da Azərbaycanın tərkib hissəsidir. Biz 30 il ərzində erməni tərəfi ilə danışıqlar aparanda müəyyən kompramislərə getməyə hazır idik və onlara bir sıra təkliflər verdik. Laçın dəhlizi ilə bağlı da təkliflər var idi və bu dəhlizdən istifadə baza prinsiplərinin tərkib hissəsidir. Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub”. Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, bununla bərabər, baza prinsiplərində də qeyd edilib ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar da açılır: “Erməni tərəfi isə bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Minsk Qrupunun həmsədrləri də onlara təkliflər verdilər ki, verilən qrafiklər əsasında torpaqları azad etsinlər. İşğal altında olan torpaqlarımız azad olunandan, Azərbaycan vətəndaşları öz ata-baba ərazilərinə qayıtdıqdan və komunikasiyalar açılandan sonra dəhlizdən istifadə etməklə bağlı kompramisə getməyə hazır ola bilərdik". Politoloq qeyd edib ki, bütün bunlar azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsi idi: "Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Amma təbii ki, bu, heç də o demək deyil ki, əvvəlcədən onların hansısa koridorlardan tam şəkildə istifadəsinə hazır olmalıyıq. Dövlət başçısının da qeyd etdiyi kimi, baza prinsipləri əsasında məsələ həll olunandan sonra biz buna gedə bilərik. Ancaq ermənilər 30 il ərzində bütün təklifləri rədd edərək heç nəyi başa düşmək istmədilər. Artıq heç bir status-kvo yoxdur və əgər indi də təklifləri istəmirlərsə, o zaman torpaqlarımızı son qarışına qədər azad etmək üçün bu hərbi əməliyyatları aparacağıq”.

Nə düşünürsən?