Həmin yüksəkliklərə artıq qəhrəman əsgərlərimiz nəzarət edir

  • 13.10.2020
  • 0

“Ali Baş Komandan “Haber Global” televiziya kanalına müsahibəsində bildirib ki, Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud da ki, şəhər olsun. Təpə olsun, dağ olsun – o, kənddən, şəhərdən daha önəmlidir. Şəhərlərə biz, onsuz da, qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır”. Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin 84 saylı Füzuli seçki dairəsindən deputatı Vüqar Bayramov qeyd edib. Milllət vəkili Qarabağda doğulub boya başa çatan şəxs kimi qeyd edib ki, o bölgədə yüksəkliklərə sahib olmadan şəhər və kəndlərdə möhkəmlənmək mümkün deyil: “Bəzi hallarda bir yüksəkliyə sahib olmaq bir neçə kəndi və ya şəhəri nəzarətdə saxlamağa imkan vermir. İnanıram ki, müzəffər ordumuz Füzuli rayonu da daxil olmaqla, işğal altında olan bütün ərazilərimizdəki yüksəklikləri qısa zamanda tam azad edə biləcək. Mənim doğma kəndimin ətrafındakı yüksəkliklərə də artıq qəhrəman əsgərlərimiz nəzarət edir”. V.Bayramovun sözlərinə görə, Hadrut və ətrafı məhz bu baxımdan da strateji əhəmiyyət daşıyır: “Ali Baş Komandan müsahibəsində bildirib ki, indi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Bu, həmçinin Dağlıq Qarabağa olan əsas girişlərdən birinin bizim nəzarətimizdə olması anlamına gəlir. Deməli, Böyük Qələbəyə də yaxınlaşırıq. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”

Nə düşünürsən?