Türkiyənin məşhur serialında Azərbaycan bayrağı

  • 09.10.2020
  • 329 baxış
  • 0

Türkiyənin məşhur "Yemin" serialında Azərbaycandakı vəziyyət, igid əsgərlərimizin doğma torpaqları uğrunda qanı bahasına döyüşdəki iştirakı, torpaqlarımızın düşmən tapdağından azad olunması hadisələrinə qısa fraqmentlə yer verilib. BiG.AZ-ın əməkdaşı serialın əsas rollarından birini oynayan Türkiyədə yaşayan məşhur aktrisamız Məlahət Abbasovanın fikirlərini öyrənib. Səhnədə əsgərlərimizə dua oxuyub bayrağımızı öpən aktrisamız ona bu şansı yaratdığı üçün kanal rəhbərliyinə təşəkkür edib. Aktrisanın səhnə ilə bağlı fikirlərini təqdim edirik: "Mən bu səhnə üçün "Kanal 7" rəhbərliyinə müraciət etdim. Dedim ki, belə bir çətin vaxtda mən istərdim ki, belə səhnə qoyulsun. Rəhbərlikdən mənə xəbər gəldi ki, siz narahat olmayın. Biz kanal olaraq Azərbaycanın yanındayıq və bunu göstərmək üçün serialda mütləq yer verəcəyik. Ondan sonra mən rahat oldum. Düşündüm ki, yəqin ki, sonrakı seriyaların birində olar. Amma elə olmadı. Mənə dedilər ki, təcili bir səhnə çəkilib montaj olunmalıdır. Baxdım ki, Azərbaycanla bağlı kadrlardır. Fraqmentdə gördüyünüz dualar həqiqətən etdiyim dualar idi. Əsgərlərimizə, şanlı ordumuza dualar oxudum. Allah əsgərlərimizi, ordumuzu, dövlətimizi qorusun. Təbii ki, bizim ən böyük borcumuzdur ki, Azərbaycanı xaricdə layiqincə təmsil edək. Çəkildiyim serialda da buna yer verdiyi üçün kanal rəhbərliyinə təşəkkür edirəm".

Nə düşünürsən?