İlk gün – 7 kənd və Murov zirvəsi azad edildi

  • 28.09.2020
  • 114 baxış
  • 1

Əks-hücum əməliyyatlarının ilk günü – 7 kənd və Murov zirvəsi azad edildi Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri müxtəlif növ iri çaplı artilleriya qurğuları və digər silahlardan atəşə tutması nəticəsində mülki əhali, o cümlədən, qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub. Eyni zamanda 19 nəfər mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv ediblər. Əldə olunan məlumatlara görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Ordusuna məxsus kamikadze tipli uçan pilotsuz aparatlar Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv edib. Bununla da, Dağlıq Qarabağ səması artıq Azərbaycanın hərbi aviasiyası üçün açılıb. Cəbhənin Tərtər istiqamətində isə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatları nəticəsində işğal altında olan 7 kəndimiz – Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində isə Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki şəxslərlə davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq humanitar hüquqa əsasən həyata keçiriləcək. Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək. Bütün cəbhə boyu döyüş əməliyyatları davam edir... Musiqi: A Mystical Experience Rəqs & Elektron Tünd Unicorn Heads 5:58 iyl 2019

Nə düşünürsən?