Xalq Prezidentin əmrini gözləyir!

  • 22.09.2020
  • 96 baxış
  • 0

''Azərbaycan Ordusunun arsenalında olan müasir silahları və texnikaları istifadə etməyə qəhrəman igid oğullarımız var''. Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Aprel döyüşlərinin iştrakçısı, Qarabağ müharibəsi əlili Əhliyət Mehdiyev deyib. 2016-cı ildə düşmənin təxribatının qarşısını alarkən yaralanan qazi deyir ki, Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvən mənbəyidir. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Əhliyət Mehdiyev deyir ki, Ordumuz təkcə Aprel döyüşlərində düşmənə məxsus 21 postu məhv edib. Aprel döyüşlərinin qazisi bildirir ki, Silahlı Qüvvələrimiz quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı bütün işlər görülür. Əhliyət Mehdiyev düşünür ki, bu gün Azərbaycan gəncliyinin içində yüzlərlə Poladlar, Mübarizlər, Raquflar və İlqarlar yetişir. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır, ona güvənir. ''Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova da deyir ki, ordumuz və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan, onu gözdən salan şəxslər ən sərt şəkildə qınağa layiqdirlər. Şəhidin həyat yoldaşı qeyd edir ki, indi Azərbaycan Ordusu 30 il əvvəlki kimi hazırlıqsız deyil. Onun sözlərinə görə, bütün gənclik Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə hazırdır və hər kəs Ali Baş Komandanın əmrini gözləyir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?