Ölkəmiz çoxəsrlik tolerantlıq ənənələrinə malikdir

  • 18.09.2020
  • 0

Azərbaycan tarixən dinlərarası tolerantlıq və multikulturalizm mühitinin formalaşmasına və möhkəmlənməsinə böyük önəm verib. Etnik-dini dözümsüzlük, ksenofobiya və antisemitizmin mövcud olmadığı nadir ölkələrdən biri də məhz Azərbaycandır. Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bu gün Azərbaycanda nümunəvi dövlət-din münasibətləri formalaşıb. ''Azərbaycan qədim dövrlərdən müxtəlif din və mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadıqları ölkələrdən biri olub''. Bunu millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov ''Xəzər Xəbər''ə müsahibəsi zamanı deyib. Bildirib ki, Azərbaycan çoxəsrlik tolerantlıq ənənələrinə malikdir, bu gün də bu ənənə davam etdirilir. Dövlətimiz demokratik və hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Burada bütün etnik azlıqların mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət yetirilir. Dövlətin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri tolerantlıq ənənələrinin qorunub saxlanması, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliğidir. Xüsusilə Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət bu gün özünü bariz göstərir. Azərbaycanda yaşayan xalqların və dinlərin nümayəndələri ölkədə gedən böyük inkişaf və quruculuq prosesinin fəal iştirakçılarıdır. Onlar Azərbaycan dövlətinin ərazi bütövlüyü və müstəqilliyi uğrunda fədakarlıqlar göstəriblər. Dövlətimizin daha da güclənməsi üçün daim həmrəylik və mütəşəkkillik nümayiş etdirirlər.

Nə düşünürsən?