Xaçmazda meşədə narkotik əkən şəxs saxlanılıb

  • 18.09.2020
  • 0

Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Nərəcan kəndi ərazisində meşəlik sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional bölməsindən XəzərXəbər-in bölgə müxbirinə verilən məlumata görə, həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Azad Cəbiyev iş başında, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi sahəyə baxış zamanı ümumi çəkisi 140 kiloqram olan 97 ədəd çətənə bitkisi, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 4 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Azad Cəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nə düşünürsən?