ABŞ-la Rusiyanın "toqquşma" nöqtəsi

  • 15.09.2020
  • 0

ABŞ "Şimal axını-2" layihəsinə əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır “Şimal axını-2” layihəsinə qarşı yeni sanksiyalar Vaşinqtonda seçkiqabağı mübarizəyə baxmayaraq, ABŞ Konqresi tərəfindən tez bir zamanda qəbul olunacaq. Bunu Birləşmiş Ştatların Almaniyada öz diplomatik fəaliyyətini başa vurmağa hazırlaşan səfiri Riçard Qrenell deyib. “Yeni sanksiyalar Respublikaçılar və Demokratlar partiyalarının hər ikisinin dəstəyindən yararlanır. Seçkiqabağı mübarizəyə baxmayaraq, qanunverici mərhələ tez başa çatacaq”, - deyə Qrenell Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində qeyd edib. Yeni sanksiyaların məqsədi boru kəmərinin istismara verilməsinin qarşısını almaq olacaq. Səfir bunun praktikada necə tətbiq olunacağını açıqlamayıb, lakin ehtimallardan biri boru kəmərinə texniki xidmət göstərən şirkətlər üçün cərimə ola bilər. Qəzetin yazdığına görə, ABŞ kəmərin fiziki tikintisini dayandıra bilməsə də, onun istismarına mane olmaq niyyətindədir. Qrenell Almaniya hökumətini ümumilikdə, Rusiyaya münasibətdə siyasətini dəyişməyə çağırıb: “Almaniya özü NATO-ya yetərincə ödəniş etmədiyi halda Rusiyanı qidalandırmağı dayandırmalıdır”. deyə səfir bildirib. Qeyd edək ki, ötən ilin dekabrında ABŞ kəmərin tikintisində iştirak edən şirkətlərə sanksiya tətbiq etdikdən sonra layihənin operatoru “Qazprom” borudüzmə işlərinə özünün “Akademik Çerski” adlı gəmisini cəlb edib. ABŞ-da buna cavab olaraq senator Ted Kruz təklif edib ki, sanksiyalar birbaşa “Qazprom”un özünə yönəldilsin. 2009-cu ildə əsası qoyulan "Şimal axını-1" kimi onun ardı olan "Şimal axını-2" layihəsinin də məqsədi Rusiya ilə Almaniya arasında qaz infrastrukturunu qurmaqdır. Yeni layihə sələfi kimi, 55 milyard kub metr qazın Almaniyaya ixracını nəzərdə tutur. Təxminən 8.4 milyard dollar dəyərində olan "Şimal Axını 2" layihəsi ona görə ABŞ-ın qəzəbinə səbəb olub ki, bu boru xətti Rusiyanın Avropanın enerji təminatında rolunu gücləndirəcək, Amerikanı isə Avropa bazarından sıxışdırıb çıxaracaq. Çünki Birləşmiş Ştatların mayeləşmiş qazı üçün ən sərfəli bazar məhz avropa bazarıdır. Prezident Trump Rusiyanın Qazprom şirkətinə məxsus 1225 kilometrlik boru kəmərinin Almaniyanı "Rusiyanın girovuna" çevirə biləcəyini deyir. 2005-ci ildə Avropanın enerji təhlükəsizliyi və diversifikasiya məsələsi gündəmə gələndə bu Rusiyadan asılığı aradan qaldırmağı nəzərdə tuturdu. Birləşmiş Ştatların sanksiya təhdidi isə, "öz enerji siyasətini özünün müəyyən edə biləcəyini" söyləyən Rusiyanı və Avropa Birliyini qəzəbləndirib. Almaniya Kansleri Angela Merkel dəfələrlə "Şimal Axını 2" layihəsinə görə "xaricdən gələn sanksiyalara qarşı olduğunu" bildirib. Almaniyanın xarici işlər naziri Heiko Maas isə sanksiyaların "Avropada qəbul edilən müstəqil qərarlara müdaxilə" olduğunu söyləyərək, daha sərt çıxış edib. Artıq sanksiya təhdidindən qorxub geri çəkilən şirkətlər də var. İsveçrə-Hollandiya şirkəti olan Allseas sanksiyaların ehtimalı ilə boru çəkmə fəaliyyətini dayandırdığını bildirib. ABŞ-ın sanksiyaları həmçinin Rusiya-Türkiyə boru kəməri olan "Turk axını"nı da hədəfləyir və aktivlərin dondurulmasını və podratçılara ABŞ vizalarını verməməyi də vəd edir. Əslində Avropa İttifaqının üzvü olan bəzi ölkələr də, Rusiya qazına etibar etmirlər. Amma şimal nəhəngi faktiki olaraq İttifaqın qaz tədarükünün təxminən 40 faizini təmin edir. 10 milyard avro dəyərində olan yeni boru kəməri isə Baltik dənizi altından keçən qazın həcmini ildə 55 milyard kubmetrə çatdırmağı hədəfləyir.

Nə düşünürsən?