Bakıda "ölüm keçidi": Piyadaların həyatı təhlükədədir

  • 14.09.2020
  • 0

Bakıda təşkil edilmiş piyada keçidlərinin biri insanlar üçün ciddi təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, bir neçə ay əvvəl paytaxtın Neftçilər prospektində (Əl Oyunları Sarayının yanında) hərəkətin təşkilinə dəyişiklik edilərək həmin əraziyə svetofor obyekti qoyuldu. Yeni açılmış "Dəniz Mall" ticarət mərkəzinə gedən sürücülərin yolunu qısaltmaq üçün prospektin sol zolağında sola və geriyə dönmə hərəkəti təşkil edildi. Bununla yanaşı yolun digər tərəfinə keçmək istəyən piyadalar üçün nizamlanan piyada keçidi təşkil edildi. Həmin piyada keçidi "Bayraq Meydanı"ndan gələn sürücülərin görünmə sahəsinə düşmədiyi üçün svetoforun qırmızı işığında hərəkət edən piyadalar həm özlərinə, həm də sürücülərə təhlükə yaradır.

Qeyd edək ki, yaxınlıqda (Funikulyorun yanında) piyadaların təhlükəsiz hərəkəti üçün yeraltı keçid mövcuddur. Bu cür keçidin olduğu halda 50 metrdən sonra nizamlanan piyada keçidinin olması lüzumsuzdur.  Bundan əlavə olaraq Yol Hərəkəti Haqqında Qanunun 9-1 -ci maddəsində qeyd olunub ki, piyada keçidlərinin arasında 150-300 metr məsafə olmalıdır. Görünür ki, burada qanunun tələbi də pozulub.

Nə düşünürsən?