Salyanda qara maskalı manyaklar peyda oldu

  • 10.09.2020
  • 0

Salyanın Xıdırlı kənd sakinlərinin yuxusu son bir həftədir ərşə çəkilib. Səbəb kənddə manyakların peyda olmasıdır. İddia olunur ki, 3 nəfərdən ibarət qara maskalı şəxs əsasən gecə saatlarında qapı-pəncərəni döyür, evlərin, damların üstünə çıxaraq gəzir, ot tayalarını, yorğan-döşəyi dağıdırlar. Sfera.az xəbər verir ki, ARB məsələ ilə bağlı geniş süjet hazırlayıb. "60 ildir, bu kənddə yaşayıram, 80 yaşım var. Mən bu qədər qorxu ilə yaşamamışam. Bir də görürsən gəldi, itlərim hürüşür, çıxıram çölə, görürəm hündür, ayaq nə boyda. Neçə dəfə qovulub, şiferin üstündə gəzib narahat edir nəvəmi-nəticəmi, körpə uşaqlarımı. Yaşaya bilmirik. Qorxu içində yaşayırıq”, - deyə kənd sakini Güldəstə Əzizova bildirib. Kənd sakini Pərvanə Qaçayeva da hadisəni belə xatırlayır: "Gecə uşağım gəlib bura. Görüb ki, qara maskalı adam, papağı da var. Uşağımın üstünə hücum çəkib, armatur qaldırıb. Həyətdə uşaq olub, qışqırıb. Uşağımın səsi batıb”. Artıq bir həftədir ki, Xıdırlı kəndinin camaatı axşam saat 8-dən sonra yuxu görməsə də, onlara yuxu kimi görünən hadisənin şahidi olur. Səhərədək qorxudan evində otura bilməyən sakinlər küçələrə axışırlar. Həyəcan içində olan insanların kimisi dəyənək, kimisi ot yabası, kimisi isə bellə qaranlıq dalanları axtarır. Naməlum varlıqları görənlər qışqıraraq sakinləri səsləyirlər. Axtarışlar məhz bundan sonra intensivləşir. Sakinlərin bir qismi isə manyakları tutmaq üçün kəndin müxtəlif yerlərində pusqu quraraq gizlənir. Bir sözlə, Xıdırlı kəndi səhərədək adrenalin dolu gecə yaşayır. Məsələdən xəbərdar olan rayon icra nümayəndələri də axşam saatlarında kəndə gedərək sakinlərlə görüşüb. Əraziyə artıq polis əməkdaşları da cəlb edilib.

Nə düşünürsən?