Putin Belarusa “maskalılar” göndərib?

  • 09.09.2020
  • 0

Ötən bazar günü Minskdə müxalifətin növbəti etiraz yürüşü zamanı aksiya iştirakçılarını tək-tək tutub xüsusi amansızlıqla döyən mülki geyimlilərdən birinin kimliyi ortaya çıxıb. Virtualaz.org xəbər verir ki, bu şəxs Rusiyanın Sankt-Peterburq şəhərindən olan Andrey Karpovdur. (https://www.facebook.com/adagamov/videos/3247306135386289/?t=5) Karpovun Rusiya güc strukturlarına aidiyyatının olub-olmadığı hələ məlum deyil. Lakin müxalifət fəalları qeyd edirlər ki, o, Rusiyadan Belarus hakimiyyətinə dəstək üçün göndərilən muzdlulardan biri ola bilər. Etirazçıları döyən mülki geyimlilər maskalı olsalar da onlardan bəzilərinin sifəti obyektivlərə tuş gəlib, aksiya iştirakçıları onların maskalarını çıxara biliblər və fəallar sosial şəbəkə profilləri vasitəsilə onların kimliyini təsbit etməyə çalışıblar. Qeyd edək ki, ötən bazar günü ilk dəfə Belarus güc strukturlarının geyimində olmayan naməlum şəxslər Minsk küçələrində etirazçıları dəyənəklərlə döyüb, onları tutaraq naməlum istiqamətə aparıb. Bu mülki geyimli, maskalı şəxslər etirazçıların qaçıb sığındığı dükanlara, kafelərə də basqın edib, qapı və pəncərələrin şüşələrini sındırıb. İndiyədək onların “Lukaşenkonun adamları” olduqları, yaxud mülki geyimli OMON-çular olduqları təxmin edilirdi. Lakin indi maskalılardan birinin Rusiya vətəndaşı olması ciddi şübhələr yaradır ki, Kreml artıq Belarusa etirazları yatırmaq üçün xüsusi dəstələr göndərib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Belarusa göndərilmək üçün güc strukturlarının ehtiyat qüvvələrinin yaradıldığını açıqlamışdı. Sosial şəbəkələrdə isə Belarus sərhədlərinə doğru hərəkət edən hərbi avtomobil karvanlarının görüntüləri yayılmışdı.

Nə düşünürsən?