Ölkədə su təminatı yaxşılaşdırılır

  • 08.09.2020
  • 0

Ölkənin bir neçə rayonunda subartezian quyuları qazılacaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2020-ci il tarixli sərəncamına əsasən, əhalinin içməli suya tələbatının ödənilməsi, həmçinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Tərtər və Bərdə rayonlarında layihələrin icrasına başlanıb. Sərəncama əsasən, Tərtər rayonunun İsmayılbəyli, Sarov və Səhləbad, Bərdə rayonunun Xanxanımlı, İkinci Nazırlı və Kələntərli kəndlərinin hər birində subartezian quyuları qazılacaq. Kənd sakinlərini təhlükəsiz içməli su ilə təmin etmək üçün yeraltı sulardan istifadə olunması qərara alınıb. Bu məqsədlə ərazidə tədqiqat işləri aparılıb və yeni subartezian quyularının qazılmasına qərar verilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən layihə çərçivəsində Tərtər rayonunun Səhləbad kəndində işlərə başlanıb. Bunun ardınca İsmayılbəyli və Sarov kəndlərində subartezian quyuları qazılacaq. Qeyd edək ki, Tərtər və Bərdə rayonlarında icra olunan layihələr çərçivəsində 6 kənddə 9 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılması və suvarma suyuna olan tələbatının ödənilməsi nəzərdə tutulur. Ümumilikdə ilin sonuna qədər 15 rayonun 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması işləri yekunlaşacaq və suyun verilişi təmin ediləcək. Bu layihələrdən 65 mindən çox sakin faydalanacaq.

Nə düşünürsən?