Mütəxəssisler xəbərdarlıq edir

  • 06.09.2020
  • 56 baxış
  • 0

Bir sıra ölkələrdə karantin qaydaları yumşalanda, azərbaycan sərt qaydaları qüvvədə saxladı. O, zaman bəziləri bu yanaşmanı tənqid edirdi. Ancaq həmin ölkələrdə indi yoluxma sayı artdığından qaydalar öncəkindən daha çox sərtləşdirilib. Azərbaycanda isə indi geniş yumşalma tədbirləri həyata keçirilir. Mütəxəssislər bildirir ki, yumşalma tədbirlərinin müddəti vətəndaşların özündən asılıdır. Əgər gigiyenik tələblərə riayət edilməzsə, yumşalma tədbirləri yenidən məhdudiyyətlərlə əvəzlənə bilər. Azərbaycan pandemiya ilə mübarizədə özünəməxsus model ortaya qoydu və bunun nəticəsidir ki, yoluxma sayı artıq bir müddətdir ki, 100-ün üzərində sabitləşib. Məhz yoluxma sayının azalması səbəbilə yumşalmanın növbəti mərhələsi artıq sentyabrın 8-dən start götürür. Koronavirusla bağlı hazırki qənaətbəxş vəziyyətə çatmaq isə o qədər də asan olmadı. Bunun üçün fasiləsiz və planlı tədbirlər həyata keçirilib. 600 yerlik Yeni Klinikanın açılması, 11 modul tipli xəstəxananın inşa edilməsi və bu xəstəxanalarda 4100 çarpayı sayının olması cəmi bir neçə ayda ərsəyə gələn nəticələrdən bir neçəsidir. Həyata keçirilən bu işlər vaxtında aparılan iqtisadi islahatların məntiqli sonluğu idi. Pandemiya başlayanda tək rəqəmli olan müasir labaratoriyaların sayının qısa zamanda 45-ə çatdırılması və ötən müddət ərzində 1 milyona yaxın testin keçirilməsi dövlətin vətəndaşların sağlamlığına verdiyi önəmin bariz göstəricisidir. Səhiyyə sahəsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün də dövlət büdcəsinin, eləcə də ölkənin maliyyə ehtiyyatlarının imkan verdiyi həcmdə geniş proqramlar həyata keçirildi. Təsadüfi deyil ki, pandemiya ilə əlaqədər sosial dəstək tədbirləri 5 milyon vətəndaşı əhatə edib. Millət vəkili Bəhruz Məhərrəmov bildirir ki, yumşalmalara gedilməsi insanları arxayınlaşdırmamalıdır və hər bir vətəndaş karantinin yenidən sərtləşməməsi üçün üzərinə düşəni dərk etməlidir. TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev bildirir ki, artıq bir sıra ölkələrdə yumşalmalardan sonrakı yüksək artışın Azərbaycanda da olması arzuolunan deyil. Buna görə də hər bir vətəndaş Operativ Qərargahın qoyduğu metodiki göstərişlərə ciddi əməl etməlidir. Əslində Azərbaycan höküməti də digər ölkələr kimi karantin tədbirlərini ləğv edib hər şeyi taleyin axarına buraxa bilərdi. Ancaq bu zaman çoxsaylı insan itkisinin yaşanacağı qaçılmaz idi. Məhz dövlətin ən önəmli vəzifələrindən biri olan əhalinin təhlükəsizliyinin qorunması əsas götürülərək karantin tədbirləri tətbiq edildi və bu gün bütün Azərbaycan əhalisi bunun müsbət nəticələrini görür. Ancaq hazırki durum, yenə də əsas vermir ki, gigiyena qaydaları arxa plana keçirilsin. Əksinə, bu qədər müsbət nəticələr varkən qaydalara daha ciddi riayət edərək, yoluxma hallarının sayını minimuma endirmək üçün insanlar məsuliyyətli davranmalıdırlar.

Nə düşünürsən?