Avtobuslarda gediş haqqı artırılacaq? -

  • 04.09.2020
  • 0

Taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə Bakı Nəqliyyat Agentliyi konsepsiya hazırlaması barədə xəbərlər cəmiyyətdə birmənalı qarşılanmadı. “Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” kimi fikirlər isə etirazları ciddiləşdirdi. Bundan sonra Bakı Nəqliyyat Agentliyi rəsmi açıqlama verdi ki, taksi fəaliyyətinin tənzimlənməsinə dair hazırlanan layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür. Bununla belə, sosial şəbəkələrdə vahid tarifin tətbiqinin taksi xidmətini bahalaşdıracağı, bundan sonra isə ictimai nəqliyyatda gediş haqqının 50 qəpiyə qaldırılacağı barədə fikirlər səsləndirilir. Məsələn, iqtisadçı-ekspert Qubad İbadoğlu yazır: “Taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir. Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun”. Görəsən, söylənilən fikirlər həqiqəti nə dərəcədə əks etdirir? Taksi həyəcanı avtobuslarda gediş haqqının bahalaşması ilə davam edəcəkmi? Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev APA TV-yə açıqlamasında deyib ki, qiymət tənzimlənməsi Tarif Şurası tərəfindən həyata keçirilir: “Bakı Nəqliyyat Agentliyi tərəfindən də müntəzəm marşrut xətləri üzrə gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına hər hansı təklif verilməyib. Biz tərəfdən belə çıxış olmayıb. Ümumiyyətlə, BNA-da müzakirə olunan gündəlik məsələlər sırasında qiymət artımı ilə bağlı hər hansı məsələ yoxdur. Bu fikirlər reallığı əks etdirmir, tam yanlış fikirlərdir”. Qurum rəsmisinin sözlərinə görə, bu gün qarşıda duran əsas məsələ vətəndaşlara daha keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etməkdir.