Dayanma durma qaydalarını pozanlar barədə məsələyə aydınlıq gə..

  • 04.09.2020
  • 0

Bakı şəhərinin inzibati ərazisində bəlkə də ən çox tələbi pozulan nişan 3.27 (dayanma-durma qadağandır) nişanıdır. YPX.AZ olaraq bu məsələni dəfələrlə ictimailəşdirmişik. Süjetlər çəkib, məqalələr dərc etmişik. Bildiyimiz kimi bir neçə müddətdir Bakı şəhəri inzibati ərazisində dayanma-durma qaydalarını pozanlara həm BNA, həm də DYP əməkdaşları cərimə yazmaq səlahiyyətinə malikdirlər. Bəs görəsən bir sürücüyə bir xətaya görə hər iki qurumun cərimə yazma halı ola bilərmi? Belə olduqda məsələ öz həllini necə tapır? BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, yollarda avtomobillər çoxaldıqca dayanma-durma qaydalarını pozan sürücülərin də sayı kəskin artır. BNA əməkdaşları belə sürücülərə qarşı mütəmadi tədbirlər görür. Əgər hər hansı sürücüyə həm BNA, həm də DYP əməkdaşları tərəfindən cərimə yazılarsa sürücünün müraciəti əsasında sözsüz ki, bu cəirmələrdən biri ləğv olunacaq. Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsi mətbuatla əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov isə bildirib ki, sürücülər qaydanı pozmamalıdır. Bunu hər hansı cərimə olunmaq ehtimalından əlavə digər sürücülərə maneə olmamaq üçün, hərəkəti iflic etməmək üçün etməlidirlər. Hər hansı bir yolda dayanma-durmanı qadağan edən nişan varsa, deməli o nişan ora səbəbsiz qoyulmayıb. Orada dayanmaq həqiqətən hərəkətə maneə ola bilər. Hərəkəti ləngidə bilər. Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən bir inzibati xətaya görə yalnız bir dəfə cərimə oluna bilər. Hal-hazırki vəziyyətdə bir sürücüyə bir xətaya görə ayrı-ayrı iki qurum tərəfindən iki cərimə yazılma ehtimalı var. Düzdür sürücü müraciət etsə onlardan biri silinər, amma məsələni köklü həll etmək lazımdır. Ya BNA və DYP arasında əlaqəli vahid sistem yaradılmalıdır ki, bir qurumun yazdığı cəriməni digər qurum da görə bilsin, ya da belə hal üçün cərimə yazmaq səlahiyyəti BNA-dan alınmalıdır, bu hal üçün əvvəlki kimi yalnız DYP əməkdaşları cərimə yaza bilməlidir.

Nə düşünürsən?