Ramiz Mehdiyevlə bağlı sensassion fakt üzə çıxdı

  • 04.09.2020
  • 3.9K baxış
  • 0

Bir neçə gün əvvəl mətbuatda hazırda Londonda yaşayıb fəaliyyət göstərən vəkil Qurban Məmmədova Nərimanov rayonu ərazisində ev verilməsiylə bağlı məlumatlar dərc olunub. Həmin məlumatda bildirilir ki, Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edib. Nəticədə, Qurban Məmmədovun 150 kvadratmetrlik köhnə mənzili sanki “plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər verilir. Hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır. Qeyd olunur ki, Qurban Məmmədova Bakının mərkəzində dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı Ramiz Mehdiyev və Əli Həsənov olsa da, bu işin icrasını Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev həyata keçirib. Sözügedən məsələlərlə bağlı “Qafqazinfo”ya daha maraqlı faktlar daxil olub. Məlumata görə həqiqətən də Q. Məmmədova ev verilməsi Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun diktəsiylə baş tutub. Belə ki, Ə. Həsənov Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə zəng edərək Qurban Məmmədova bu qədər əmlakın saxta yollarla verilməsiylə bağlı göstəriş verib. A. Fərzəliyev tərəddüd edərək daha yuxarı instansiyaya, yəni sabiq PA rəhbəri Ramiz Mehdiyevə müraciət edib. Ramiz Mehdiyev A. Fərzəliyevə ona verilən tapşırıqların dərhal yerinə yetirilməsiylə bağlı göstəriş verib. Bundan sonra Fərzəliyev həmin qeyri-adekvat ərazini Qurban Məmmədova verilməsiylə bağlı sənədləşməni həyata keçirib və evlər ona verilib. Xüsusi araşdırmalar nəticəsində məlum olub ki, bir neçə il bundan qabaq xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Q. Məmmədov əslində təlimatları birbaşa Prezident Administrasiyasında vəzifə daşımış Ramiz Mehdiyev və Əli Həsənovdan alıb. Bununla bağlı hazırda hüquq- mühafizə orqanları tərəfindən xüsusi araşdırma aparılır və müəyyən faktlar ortaya çıxıb. Bundan əlavə, mətbuatda indiyə qədər Q. Məmmədovun Əli Həsənovla tələbə yoldaşı olması, vaxtilə bir yerdə qalması və birgə məclislərdə iştirak etməsiylə bağlı fotolar və sensasiyalı materiallar dərc olunub. Elə ötən ay qəfil DTX tərəfindən həbs olunan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov həbsinin də məlum hadisələrlə əlaqəli olmasına dair məlumatlar var. Belə görünür ki, Azərbaycanda hökumət daxilində şəbəkələşmiş xəyanət qrupu bir neçə fərqli istiqamətlərdə kurasiya olunurmuş. Onu da bildirək ki, hazırda Ə.Həsənov müalicə almaq adıyla ölkəni tərk edib. R. Mehdiyev isə nəvəsinə karantin dövründə nümayişkəranə toy keçirtdiyinə və bununla bağlı cəza tədbirləri görüldüyünə görə hökumətə meydan oxumaqda davam edir. Belə ki, R. Mehdiyev üzr istəyib geri çəkilmək əvəzinə hökumətə meydan oxumaqda, ağsaqqal adlandırılmasına baxmayaraq bu titula adekvat olmayan şəkildə davranışlar göstərib açıqlamalar verməkdə, ölkədəki problemlərin onunla heç bir əlaqəsinin olmadığını iddia etməklə bir qədər də qarşıdurmaya meyilli olmaqda israr edir. Demək olar ki, AMEA-nın rəsmi saytını şəxsi bloq səhifəsinə çevirərək hər gün açıqlamaları ilə müxtəlif qurumları, dairələri şantaj edir. Azərbaycanda dövlətin və onun idarə olunması praktikasına nəzər salsaq, Prezident İlham Əliyev bu kimi məsələlərdə heç vaxt xəyanəti bağışlamayıb. Belə ki, ölkə başçısının güzəştə getmədiyi yeganə faktor xəyanətdir! Biz buna indiyə kimi ayrı-ayrı məmurların simasında şahid olmuşuq. Bu dəfə də məsələnin xəyanət olduğu sübut olunub. Q. Məmmədova böyük sayda R. Mehdiyev və Ə. Həsənov tərəfindən A. Fərzəliyevin icrasıyla mülkiyyət verilməsinin xəyanət olduğu sübut olunub və bu fakt bağışlanmayacaq!

Nə düşünürsən?