Bakı 50 min könüllünü qoyub, 500 muzdlu gətirər?

  • 03.09.2020
  • 0

Vladimir Muxin iddia edir ki, Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazası var və Azərbaycana 500 nəfərə yaxın türkman əsilli suriyalı döyüşçü gətirilib. Reallıqda isə bu gün Ermənistanda Rusiyanın bir yox, bir neçə hərbi bazası var və bu bazalara son bir neçə ayda 500 tona yaxın silah daşınıb. Bundan əlavə, Livanın paytaxtı Beyrut şəhərində baş verən dəhşətli partlayışdan sonra bu ölkədə fəaliyyət göstərən ASALA terror qruplaşması, PKK militanları Dağlıq Qarabağa gətirilib. Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin dərc etdiyi “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı məqalədə səsləndirilən iddiaları şərh edərkən deyib. O qeyd edib ki, “Nezavisimaya qazeta” “müstəqil qəzet” mənasını versə də, reallıqda heç bir müstəqilliyi olmayan, birbaşa Kremlin ideoloji tapşırıqlarını yerinə yetirən bir qurumdur: “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı məqalədə başdan-ayağa yalan, həqiqəti əks etdirməyən, bir o qədər də gülünc iddialar səsləndirilib. Yazının müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuların fikirlərini manipulyasiya etməyə çalışıb. Məqalənin sifarişli olduğu isə aydın sezilir. Düşünürəm, Azərbaycan-Rusiya münasibətlərinin həssas olduğu bir zamanda belə bir yazının verilməsi məqsədyönlü, düşünülmüş bir addımdır”. Politoloq qeyd edib ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və reallığı əks etdirmir: “Məsələ ondadır ki, bu gün Azərbaycanın nə Suriyadan gəlmələrə, nə də türkman qardaşlarının köməyinə ehtiyacı var. Azərbaycan çadır dövləti deyil. Onun haqqında heç kəs belə əsassız iddialar səsləndirə bilməz. Azərbaycanın güclü, modern, dövrün ən yeni silahları ilə təchiz edilmiş, hər an hər şəraitdə döyüşməyə qadir ordusu var. Azərbaycan Ordusu öz gücünü Aprel və son Tovuz döyüşlərində göstərdi. Düşmənə qarşı həm hücum, həm də müdafiədə nə qədər üstün olduğumuz barizdir. Digər tərəfdən Azərbaycanın peşəkar ordusundan əlavə, kifayət qədər ehtiyatda olan hərbçiləri, səfərbərliyə yararlı vətənpərvər gəncləri var. Bu məqaləni yazan şəxsin bir az savadı olsaydı, Aprel döyüşü, Tovuz hadisələri zamanı səfərbərlik elan edilmədiyi halda könüllü döyüşmək istəyən gənclərin rəsmi siyahısı haqda maraqlana bilərdi. Təkcə Tovuz hadisələri zamanı 50 mindən artıq könüllü vətənpərvər gənc müharibəyə getmək üçün səfərbərlik bölmələrinə, hətta ölkə başçısı Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanladı. Bunu bütün dünya gördü. Görünür, sifariş icra edən Vladimir Muxinin Azərbaycanla bağlı təsəvvürü yoxdur”.

Nə düşünürsən?