Restoran əməkdaşı: Toy mərasiminin təşkilatçıları bizi aldadıblar

  • 28.08.2020
  • 0

Bakıda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən restoranlardan birində toy məclisi keçirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə alınıb. Nazirlikdən verilən məlumata görə, aparılan araşdırma nəticəsində şirkətin satış menecerinin övladına bir qrup şəxsin iştrakı ilə toy şənliyi keçirdiyi aşkar olunub. Şənliyin təşkilatçıları, sifarişçiləri və iştirakçılarının bir qismi müəyyən edilib, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Xezerxeber.az-ın məlumatına görə, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4 min manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. İki nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilib və barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs qərarı verilib. Eləcə də restoranın 6 işçisi 100 manat cərimə olunub. Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar. Şənlikdə iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam edir. Məsələ ilə bağlı biz də sözügedən restorana getdik, ölkədə toyların qadağan edildiyi bir vaxtda obyekt sahibinin buna icazə verməsinin səbəbini soruşduq. Restoranın əməkdaşı Aqil Süleymanov bildirdi ki, onlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə açıq havada fəaliyyət göstərirlər. Onun sözlərinə görə, mərasimin təşkilatçıları onları aldadıblar. Aqil Süleymanov bildirib ki, sosial şəbəkələrdə iddia edildiyi kimi böyük toy mərasimi keçirilməyib. Bunun üçün heç əlverişli şərait yoxdur. Qeyd edək ki, belə faktlar aşkar edildikdə polis dərhal həmin obyekt sahibi və müştəriləri inzibati qaydada məsuliyyətə cəlb edir.

Nə düşünürsən?