"Böyük müharibəyə yaxınlaşırıq!" – Tofiq Zülfüqarov

  • 17.08.2020
  • 0

Tovuz hadisələrindən sonra yaranan yeni vəziyyət, daha doğrusu, siyasi tendensiya davam edir. Biz indiki mərhələdə bu hadisələrin ilkin yekunları barəsində danışa bilərik. Axar.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Azpolitik.az-a müsahibəsində deyib. O bildirib ki, hərbi baxımdan toqquşmalar genişmiqyaslı olmadı, ciddi mövqe dəyişiklikləri baş vermədi, amma bunun hərbi-siyasi nəticələri çox ciddi oldu: “Birincisi, Ermənistan istənilən dəstəyi almadı .Həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), həm də Rusiyadan. Hiss edilir ki, ermənilər vəziyyətin bu şəkil almasından narazıdır. Sözsüz ki, təbliğat naminə məlumatlar verilir ki, orada təyyarələr uçurdu və s. Amma təyyarələrin uçuşu və göndərilən silahlar ciddi qəbul edilməməlidir. Çünki təyyarə ilə gətirilən silahların miqdarı və təsiredici imkanları nisbidir. Bu baxımdan Ermənistan lazımi dəstək almadı. Ermənistandan fərqli olaraq, Azərbaycan ciddi hərbi-siyasi dəstək aldı. Biz görürük ki, Azərbaycanın mövqeyini dəstəkləyən bir sıra beynəlxalq təşkilatlar var. Ən əhəmiyyətlisi odur ki, Türkiyə tərəfindən verilən hərbi-siyasi dəstək güclü amil kimi özünü göstədi. Üstəlik, Azərbaycan və Türkiyə planlaşdırılan hərbi təlimlər keçirdi. Naxçıvanda da baş tutan təlimlərlə Türkiyə göstərmək istədi ki, Moskva sazişi əsasında Azərbaycanın Naxçıvan hissəsinin təhlükəsizliyini təmin etməkdə israrlıdır. Eyni zamanda, təlimlərdə F-16 qırıcılarının istifadə olunması göstərir ki, Türkiyənin bu məsələ ilə bağlı qəti iradəsi mövcuddur. Mən xüsusilə F-16 qırıcılarının üzərində dayanmaq istərdim. Bu, heç də təzə təyyarə deyil, amma modernizasiyası səbəbindən “4+” kimi qiymətləndirilə bilər. Bu model təyyarələr zamanında İsrail tərəfindən Livanda istifadə olunub. Bu baxımdan F-16-lar təsirli silah hesab oluna bilər. Həm də bu cür silahın ABŞ-ın razılığı olmadan NATO sərhədlərindən kənarda istifadəsi mümkün deyil. Digər tərəfdən, Türkiyənin bu cür çıxış etməsi istisna etmirəm ki, Rusiya ilə razılaşdırılan addımdır. Bilirik ki, Qarabağ mövzusunda Ankara-Moskva müzakirəsi təcrübəsi artıq bir neçə ildir mövcuddur. İndi cəsarətli addım atılaraq belə böyük hərbi təlimlərin keçirilməsi ola bilsin ki, hansısa razılaşmanın nəticəsində baş verir. İlkin nəticələr hər halda bu formada görünür. Həmçinin, bu müddət ərzində biz gördük ki, vasitəçilərin bir institut kimi fəaliyyətinin iflası baş verib. Məsələn, Tovuz hadisələrinin üzərindən bir ay keçməsinə baxmayaraq, biz hər hansı bir təşəbbüs görmürük. Bir neçə ay əvvəl verdiyimiz “ermənilərlə üz-üzə dayanacağıq” kimi proqnoz artıq özünü doğrultdu. Ermənistan tərəfinin siyasətində hansısa dəyişikliklərin baş verəcəyinə inanmıram. İndiki erməni rəhbərliyinin siyasətdə əsas üslubu populizmdir. Bunun da nəticəsində görünən odur ki, Ermənistan və Azərbaycan irimiqyaslı müharibəyə daha da yaxınlaşır, bu proses dayanmadan gedir. Siyasi təmaslar media vasitəsilə baş verir. Ermənistanın hökumət başçısı Paşinyan yeddi şərt irəli sürüb və bunları elan edib. Bizim Prezidentimiz də bir şərt irəli sürüb ki, torpaqları azad edin. Danışıqların bu modeli baş verib. Paşinyan yeddi şərt deyir, biz də bir şərt irəli sürürük. Bununla da söhbət qurtardı. Danışıqlarda “fokus” göstərilmir ki... Belə məntiqi çərçivənin içərisində hansı diplomatik bacarıq göstərə bilərsən? Torpaqlarımı azad et! İstəyirsən sənin 15 şərtin olsun. Faktiki danışıqlar bu şəkildə baş verib. Nəticədən belə çıxır ki, daha realı hərbi əməliyyatdır. Məsələn, təlim zamanı hərbi təyyarələrin uçması döyüş teatrının öyrənilməsidir. Biz buna təlim deyirik, amma sadə məntiqlə hərbi təyyarələr öyrənir ki, döyüş zamanı hansı addımlar atılacaq. Buna hərbi əməliyyatların teatrı demək olar. Təbii ki, bu təyyarələr təmas xəttinə yaxın uçduqda ermənilər radiolokasiya sistemini işə salır, təyyarələrimiz də siqnalın haradan gəldiyini öyrənir, bunu necə məhv etməyin lazım olduğu haqda düşünülür. Demək olar ki, müharibə atəşsiz baş verir. Bizimkilər də, onlar da uçurlar. Ermənilərə ciddi şəkildə təzyiq və təsir göstərilir. Biz görürük ki, bunun qarşısında ruslar onlara yardım edəsi deyil. Düzdür, bizim təlimlərdən əvvəl onların təlimi olub. Amma orada təlimlərə cəmi bir neçə yüz adam cəlb edilib və onların da əksəriyyəti ermənilər olub. Ciddi təlimlər olmayıb. Sadəcə, bir alay səviyyəsində təlim keçiblər. Söhbət balaca birləşmədən gedir”.

Nə düşünürsən?